-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Mətbuat >>>
XALİDƏ HASİLOVA:

Partiyamızın XXV qurultayındakı hesabat məruzəsində L.İ. Brejnev yoldaş demişdir: «Gəlin mədəniyyət xadimlərinə – partiya üzvlərinə və bitərəflərə arzu edək ki, tariximizə, bu günümüzə və gələcəyimizə, partiyamıza və xalqımıza, böyük Vətənimizə layiq yeni əsərlər yaratsınlar».

Bu, bütün yaradıcılar kimi, yazıçılarında qarşısında böyük vəzifələr qoymuşdur.

Mənə elə gəlir ki, bu gün müzakirə etdiyimiz «Sarıköynəklə Valehin nağılı» romanı məhz belə yeni əsərlərdəndir. İlyas Əfəndiyev romandakı həm müsbət, həm də mənfi obrazların daxili, mənəvi aləmini bütün dolğunluğu ilə təsvir etdiyindən oxucunun yüksək tələblərini ödəyir. Hətta epizodik obrazlar da onun yadından çıxmır. Elə bələdçi Ceyranın Sarıköynəyi tanımadan-bilmədən ona bir ana qayğısı göstərməsi, bir deputat kimi kömək etməsi adamı sevindirir.

Sovet adamı nəyin naminə xarüqələr yaratdığını bilir. Əməkdə və həyatda prinsipiallıq, inam onun ən yüksək mənəvi keyfiyyətidir. İndi bizdə əməklə gözəllik vəhdət təşkil edir. Vaxtilə böyük rus yazıçısı Çexov yazırdı ki, insanın hər şeyi gözəl olmalıdır: sifəti də, paltarı da, qəlbi də, düşüncələri də… Romanın əsas qəhrəmanı olan hər iki gənc – Sarıköynəklə Valeh bu mənada təqdirəlayiqdir. Əsərin poetik dili, İlyas Əfəndiyevin bir yazıçı kimi həyatı, zəhmətkeş insanların gündəlik işini, onların arzu və istəyini dərindən bilməsi bu gözəlliyin bədii ifadəsinə kömək edir.

«Sarıköynəklə Valehin nağılı» romanında cəmiyyətimizin antipodları – sovxoz direktoru Məcidov kimilərin çürük mənəviyyatı elə sənətkarlıqla ifşa edilmişdir ki, onlar oxucunun dərin nifrətini qazanırlar.

YAŞAR QARAYEV:
Çıxışlarda toxunulan problemlər içərisində məni daha çox düşündürən bir cəhəti qeyd etmək istəyirəm: İ. Əfəndiyevin bu romanında da öz fərdi, ənənəvi nəsr üslubuna sədaqəti və müasir nəslin məhz yenilik və novatorluq axtarışlarında həmin üslubun mövqeyi və yeri…

İ. Əfəndiyevin axtarışlarındakı mövqeyinin fərdiliyini ifadə edən odur ki, o, «adilikdən» danışanda da diqqətini «adiliklə» «qeyri-adilik» arasındakı ünsiyyət maraqlandırır. Adilikdən ülviyyətə və poeziyaya, əfsanəyə və nağıla aparan yol maraqlıdır.

Məruzəçi onun ilk hekayələrindən birini xatırladı: «Qəhrəman ilə Bülbülün nağılı». Onun son əsəri də eyni üslubda, eyni ahıngdə səslənir. Bu iki nağıl arasındakı yaradcılığı da, sözün yaxşı mənasında «əfsanə» və «nağıl» ünsüründən məhrum deyildir. Romanda mənəvi gözəllik, həssaslıq və onun qorunması problemi mühüm yer tutur. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Valeh məhz mənəvi gözəlliyin keşiyində duranların sırasında olmaq – hüquq mütəxəssisi olmağa can atır. Əsərdəki hadisələrin sahillərini birləşdirən körpünün digər tərəfdən artıq qara və «qorxulu nağılların» qəhrəmanları durur – Məcidov, Yusifov, Cavanşir, Rəcəb, Rövşən və başqaları. Bu nağıllar inkişaf etmiş sosializm cəmiyyətimizdə əxlaqi antipodlara qarşı partiya mübarizəsinin vüsət tapdığı dövrün nağıllarıdır.

Xüsusilə Məcidov obrazı son illərin eybəcər, tüfeyli və meşşan tipi kimi yaxşı müşahidə edilmiş və partiyal mövqedən, vətəndaş narahatlığı ilə təsvir olunmuşdur. Şübhəsiz ki, İ. Əfəndiyevin bu əsəri realist əsərdir. Lakin bu realizm romantika ilə aşılaşan, qeyri-empirik və qanadlı realizmdir.

***

BAYRAM BAYRAMOV:
Əsər «Azərbaycan» jurnalında çap olunan kimi redaksiyaya, Yazıçılar İttifaqına, müəllifin özünə arası kəsilmədən gələn məktublar göstərdi ki, romanı oxucular sönməyən maraqla qarşılayırlar. Bunun səbəbini, hər şeydən əvvəl, mən psixologiyanın, mənəviyyatın incə və dəqiq təhlilində, yazıçı münasibətinin səmimiyyətində, bədii dilin zənginliyində görürəm. İlyas Əfəndiyev mtndə sözün bədii mənasını böyütməyi, sözü haçalamağı bacaran sənətkardır. Söz onun əlində mum kimi olur. Süjeti maraqlı qurmaq, oynaq hadisələr və dönüşlərlə zənginləşdirmək, hər bir mətləbin dramatik yükünü əndazəsincə müəyyənləşdirmək romanın siqlətini artırmış, onu oxunaqlı eləmişdir. Müəllif müasir həyatın ciddi problemlərinə cəsarətlə, öz yazıçılıq mövqeyini düzgün seçməklə müdaxilə etmişdir. Hərtərəfli müasirlik böyük şərtdir. Nəhəng addımlarla irəliləyən, al bayraqları ehtişamla dalğalanan respublikamızın daha böyük zirvələrə qalxmasına kömək eləmək sənətkarın birinci dərəcəli vəzifəsidir. İrəliləyişimizi ürək dolusu hərarətlə tərənnüm eləmək, maneələrə sərrast zərbələr endirmək yolu ilə inamla gedən müəllif orijinal obrazlar və ümumən maraqlı roman yaratmağa nail olmuşdur.

Romanın baş qəhrəmanları Sarıköynəklə Valeh zəhmətkeş, cəsur, sədləri aşıb keçməyi bacaran və bu mənada can əsirgəməyən gənclərimizə xas olan xarakteri özlərində yaxşı cəm eləmiş obrazlardır. Onlar yaxşılara yaxşılıq etməkdən yorulmayan, naxələflərlə ölüm-dirim döyüşündən çəkinməyən mənən zəngin cavanlardır. Onların taleyini, hərəkət yolunu oxucu səhifə-səhifə izləyir.

İlyas Əfəndiyevin romanında təbiətə məftunluqdan artıq bir vurğunluq vardır. Vətən torpağının hər bir parçasının təsvirində bu vurğunluq özünü büruzə verir. Bu məqamda onun sözü daha səmimi, zərif və təsirli olur. Təkcə sözü deyil, barəsində yazdığı hər bir daşı, ağacı da hiss eləmək sənətkarın ən böyük məziyyətidir. Burada, təbii olaraq qeydlər də oldu, arzular da, mübahisələr də, lakin mən «əsər qurtarıb» deyənlərə şərik deyiləm. Mənə elə gəlir ki, qəhrəmanların taleyinin daha maraqlı cəhətləri, daha əhatəti problemlər hələ irəlidədir, müəllif onları göstərməli və tamamlamalıdır.

QABİL:

Möhtərəm ədibimizin bu əsəri də onun başqa səhnə və nəsr əsərləri kimi uğurlu oldu, necə deyərlər, tutdu. Əsərin oxunaqlı olması, əldən-ələ gəzməsi, hissləri-duyğuları tərpətməsi böyük şərtdir. Dilin ağırlığını, süjetin maraqsızlığını, onun quruluğunu – «əsərin rahat oxunması şərt deyil», – deyə ört-basdır etmək istəyənlər kökündən səhv edirlər. Özü də qəsdən səhv edirlər. Lakin söhbət təkcə «Sarıköynəklə Valehin nağılı» romanının «su kimi axmasında» deyil.

Bütün güclü sənətkarlar kimi, müəllif də cəmiyyəti irəli aparan əsas amalı, idealı tərənnüm etmişdir. Bu, kommunizm idealıdır. Düzlük, təmizlik, saflıq, kişilik, zəhmət və cəsarət idealıdır… Əsər mənə həm də bir nağıl kimi şirin gəldi. Bütün nağılların isə möhkəm və real əsası var. Çünki nağılı mələklər yox, insanlar yaradır. Çünki bütün nağılların mahiyyəti real və qeyri-real insan arzularıdır.

İlyas müəllimin bu nağılının əsasında, əlbəttə, real olan arzuları durur. Quruluşumuzun ictimai-siyasi, əxlaqi mahiyyəti bu arzuların həqiqətə çevrilməsinin mümkünlüyünü çoxdan sübut etmişdir. Yazıçı Sarıköynəklə Valehin qısa ömür yollarının qarşısına çıxan çətinlikləri nağıl marağı ilə təsvir edir və öz qəhrəmanlarının şər qüvvələrə həm mərdliklə, həm də insanlıqla qalib gəldiyini göstərir.

Hamı bilir ki, xəlvət yerdə əlibıçaqlı canilərə, beli tapançalı namərdlərə, vəzifəli dəyyuslara qalib gəlmək çox çətin olur. Özü də kimlər üçün? Valeh kimi təmiz adamlar üçün. Lakin onlar hər dəfə öz düşmənlərinə qalib gələndə oxucunun elə bil ürəyindən tikan çıxarırlar. Cəmiyyətimizin, yeni dünyamızın asan başa gəlməyən nailiyyətlərini daha da irəli aparmağı, sarıköynəklərin, valehlərin cəsarəti ilə hər cür real «divlərə», «əcinnələrə» məlikməmmədlər kimi qalib gəlməyi istedadlı yazıçımız öz mavi nağılında gözəl təsvir etmişdir.

SEYFULLA ƏSƏDULLAYEV:
Yeni əsərə qiymət verərkən, birinci növbədə, onun yazıçının yaradıcılıq inkişafında tutduğu yeri, müasir ədəbi prosesi hansı yeni konsepsiya ilə zənginləşdirdiyini, nəhayət, həm müəllifin yaradıcılığı, həm də ədəbiyyatın gələcək inkişafı üçün əhəmiyyətini müəyyənləşdirmək lazımdır.

Bu mövqedən yanaşanda İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanı sevindirici nümunə kimi qiymətləndirilməlidir. İnşaatçı fəhlələrin həyatından və fəaliyyətindən bəhs edən bu əsərdə yazıçının əvvəlki povestlərindən, xüsusilə, «Körpüsalanlar»dan fərqli olaraq, müasir həyatın geniş lövhələri verilir, əhatəli problemlər qoyulur. Lirik səpgidən yazılmış bu romanda epik vüsət, müxtəlif bədii priyomların sintezi nəzərə çarpır. Bu cəhət özünü daha çox əsərin ümumi ideya-məzmununda göstərir.

Sarıköynəklə Valehin təmiz və hər şeyə qalib gələn məhəbbəti əsərin mərkəzində durur. Yazıçının əvvəlki əsərlərində də təsvir olunan məhəbbət yeni romanda da əsaslı və optimist mövqedən mənalandırılmışdır. Sarıköynəklə Valehin bir-birinə qırılmaz sədaqəti, onları bir növ, dastan qəhrəmanlarına yaxınlaşdırır. Eyni zamanda, onlar konkret xarakterə, fərdi cizgi və xüsusiyyətlərə malik realist obrazlardır.

Əsərdəki təhkiyyənin nağılvariliyi onun realizmini zəiflətmir, əksinə, yeni xüsusiyyətlərinin və bədii imkanlarının açılması xidmət edir, qəhrəmanların daha da dərindən, psixoloji detallarla açılmasına səbəb olur. Bu cəhət muasir sovet və mütərəqqi dünya ədəbiyyatının müsbət ənənələrindən yaradıcı surətdə faydalanmaqla bağlıdır.

Valeh və Sarıköynəklə yanaşı əsərdə milli koloriti ilə verilmiş bir sıra başqa yaddaqalan obrazlar da var. Qədirxan əmi, Güllübəyim və həmçinin, sürücü Sərvər, Zeynal, Eldar surətlərini göstərmək olar. Romanın mühüm məziyyətləri ilə bərabər, bəzi kəsir cəhətləri də qeyd olunmalıdır. Məsələn, sovxoz direktoru Məcidov psixoloji cəhətdən zəif işlənmişdir. Əsərin kompozisiyasında pərakəndəlik hiss olunur, bəzən təsvirlərdə sentimentallıq nəzərə çarpır. Arzu edirik, roman kitab şəklində çap olunanda bu çatışmazlıqlar aradan qaldırılsın.

YƏHYA SEYİDOV:
İ. Əfəndiyevin yeni əsəri bilavasitə onun yaradıcılıq axtarışlarının davamı olub, irəliyə doğru bir addımdır, müasir ictimai romanın, analitik üslubun gözəl nümunələrindən biridir. «Sarıköynəklə Valehin nağılı» maraqla, həyəcanla oxunur, düşündürür. Özü də hər şeydən əvvəl, mövzunun müasirliyinə görə. Romanda hadisələrin inkişafına təkan verən dramatiku konfliktin ictimai mənası böyük aləmlə (Sarıköynək və Valehin, onların dostlarının dünyası ilə) məcidovların mikroaləminin toqquşması prosesində aşkara çıxır. İnkişaf etmiş sosializm cəmiyyətində adamların dünyabaxışı və əxlaqi qənaətlərində özünü göstərən, humanist mahiyyətli meylərlə xalqın mənafeyinə zidd iştəklərin, konkret şəraitdən, obyektiv çətinliklərdən şəxsi mənfəətləri naminə sui-istifadə edənlərin arasında mübarizənin əsil dramatik səviyyədə canlandırılması müəllifin bədii nailiyyətlərindən biridir.

Yazıçı, Məcidov kimisinin Çirkin əməllərini təsvir etməklə kifayətlənməmiş, ədalətsizliyə, zorakılığa qarşı çıxmağı özünün vətəndaşlıq və insanlıq borcu sayan, susmağı ləyaqətinə sığışdırmayan mübariz qəhrəman surəti də yaratmışdır.

İ. Əfəndiyev bizi qəhrəmanın səmimiyyətinə, qərəzsizliyinə, qorxmazlığına inandıra bilmişdir. Roman Valehin, Sarıköynəyin və onların dostlarının qələbəsi ilə bitir. Gənclər öz yollarında yaxşı adamlarla rastlaşırlar; onların ədalət, düzlük uğrunda mübarizəsinin arxasında bizim sovet cəmiyyəti durmuşdur.

«Sarıköynəklə Valehin nağılı» fəal qəhrəman axtarışları ilə diqqətəlayiqdir. Biz burada qabaqcıl ideyalı, məsləkindən dönməyən, partiyanın ardınca inamla irəliləyən müasirlərimizin bədii surətlərinin yaradılması istiqamətində böyük Cəfər Cabbarlının və başqa görkəmli sənətkarlırımızın, eləcə də müəllifin öz yaradıcılığına xas ənənələrin davamını, inkişafını, dərinləşməsini görürük.

ƏLİAĞA KÜRÇAYLI:
Çox vaxt müəyyən bir əsərin müzakirəsi zamanı çıxış edənlər məruzəçi ilə mübahisəyə girir, onun bu və ya digər fikri, müddəası ilə razılaşmadıqlarını bildirirlər. Bu günkü müzakirədə isə belə olmadı. Bu, Bəkir Nəbiyevin tənqidçilik məhrəti ilə izah olunursa, digər tərəfdən «Sarıköynəklə Valehin nağılı» romanının ideya-bədii məziyyətləri ilə şərtləndirir. Yazıçı romandakı bütün hadisələri və xarakterləri elə aydın və dəqiqi təsvir etmişdir ki, tənqidçi ilə oxucu arasında fikir ayrılığına səbəb ola biləcək bir nöqtə qalmamışdır. Bu da, əlbəttə, İlyas Əfəndiyevin yazıçılıq istedadı və mədəniyyəti ilə izah olunmalıdır. O, hər təzə əçərində ictimai həyatımızın yeni probleminə toxunur, onu yeni boyalarla işləyir, bundan əvvəlki əsərlərindən fərqli bədii vasitələrlə həll edir. Bu keyfiyyəti yazıçının indi burda müzakirə etdiymiz romanında da aydın görürük.

Romanda etik-əxlaqi məsələlər mühüm ictimai məsələlər fonunda qoyulub həll edilir, zidd qütüblər qarşılaşdırılır. Valeh, Sarıköynək, Muradzadə kimi saflığı və gözəlliyi özündə təcəssüm etdirən obrazlara Məcidov, Yusifov kimi antipodların barışmaz mübarizəsi iki dünyagörüşün, iki əxlaqın və mənəviyyatın bədii lövhəsi kimi oxucuların gözlərinin qarşısında canlanır.

Romanda Musa kişi əhvalatı mənim fikrimcə, yazıçının müvəffəqiyyəti və mən deyərdim ki, kəşfidir… Məcidovun oğlu Rövşən öz «Jiquli» maşını ilə Musa kişinin eşşəyini vurur, özü günahkar ola-ola ağsaqqal Musa kişini şillələyir də. Valeh Musa kişiyə havadarlıq edir. Sanki hər şey qaydasına düşür – haqsızlığa qarşı üsyan edilmişdir, haqsız təhqir olunan Musa kişinin hüququ müdafiə edilmişdir. Sonra vəziyyət birdən-birə dəyişir – Valehə böhtan atılır və o, həbs olunur. Musa kişi isə silist zamanı Valehin üzünə durur, əhvalatı tərsinə təsvir edir, Rövşəni təmizə çıxarır, bütün günahları Valehin üstünə yıxır. Sonralar respublika prokuroru Muradzadə yalan ifadə verməsinin səbəbini Musa kişidən soruşanda o, deyir: «Səkkiz baş külfətin işləyəni bir mənəm, bir də böyük oğlum. O, da iki il bundan əvvəl ticarət texnikumunu qurtarıb, indi balaca bir mağazada müdir işləyir. Məcidov üstünə bir şər atdırıb basdırardı, gedərdi».

Müəllif Musa kişidə yaranan bu mütilik psixologiyasının səbəblərini axtarır. Axı, bu həmin Musa kişidir ki, vaxtı ilə qansoran bəylərlə, xanlarla çəkinmədən döş-döşə gəlmiş, onların «taxtdan» salınmasına kömək etmişdir. İndi ona nə olmuşdur, nəyə görə Məcidov kimi natəmizlər onu belə miskin hala salmışdır? Adama elə gəlir ki, müəllif Musa kişi kimilərin çoxalmaq qorxusunu görür və bunun qarşısını almağa çalışır…

HÜSEYN ABBASZADƏ:
Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və bədii ictimaiyyət tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfiyyətində, sənətkarlıqla yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu ədəbiyyatın zəruri vəzifələrindən biridir. Lakin əsil məsələ bu məsələlərin necə həll olunmasındadır. Yazıçı müasir həyat üçün səciyyəvi olan məsələlərə toxuna bilər və toxunmalıdır. Əgər əsər bədii cəhətdə naqisdirsə, onun bədii təsir qüvvəsi də az olur. Təsirsiz deyilmiş fikir havaya açılmış gülləyə bənzəyir.

Romanın başqa məziyyətini mən onun baş qəhrəmanlarının – Sarıköynəklə Valehin fəallığında, ətrafda cərəyan edən hadisələrin mərkəzində durmasında görürəm. Bu qəhrəmanlar daima hərəkətdədirlər. Süstlük onların təbiətinə ziddir. Onlar haqq və ədalət işi uğrunda inadla, ardıcıllıqla mübarizə aparırlar. Həyata yeni qədəm qoyan, kövrək qanadlı bu gənclər bəzən müvəffəqiyyətsizliklərə uğrasarlar da, biz onların qələbəsinə inanırıq. İnanırıq ki, Sarıköynəklə Valeh olan yerdə düzlük və ədalət qalib gələcək. Cəmiyyətin sükanını belə dəyanətli gənclərə arxayınlıqla tapşırmaq olar. Kürədən çıxan dəmir zindanda döyülüb bərkidiyi kimi, Sarıköynəklə Valeh də bu mübarizələrdə mətinləşirlər. Onları hədə-qorxu ilə yollarından, əqidələrindən döndərmək olmaz.

Hamıya bəllidir ki, İlyas Əfəndiyev mahir dramaturqdur. Bu «Sarıköynəklə Valehin nağılı»nda bariz şəkildə özünü göstərir. Yazıçı əsərdə dialoqlardan məharətlə istifadə edir. Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla bir-birini izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır.

«Sarıköynəklə Valehin nağılı» bu fikri bir daha təstiq edir ki, əsərlərinin oxunaqlığına etinasız yanaşan yazıçılar uduzurlar. Hər bir bədii əsərin oxunaqlığı onun bədii məziyyətlərindən biridir. Bu keyfiyyət sənətkardan xüsusi bacarıq tələb edir, desək yanılmarıq. Gənc nasirlər, elə yaşlı nəslin özü də bu cəhətdən İlyas Əfəndiyevdən çox şey öyrənə bilər.

ƏZİZƏ CƏFƏRZADƏ:
İlyas Əfəndiyev həmişə müasir və həmişə ilhamlı cavan yazıçıdır. Qəhrəmanlarının demək olar ki, əksəriyyəti bu günün və sabahın gəncləridir. Çünki bu gənclər illəri qabaqlayır, yazıçının görmək istədiyi ən gözəl cəhətləri də özündə toplayır. Ədibin ən poetik sözləri, qadınlar-qızlar haqqındadır. Belə qızlardan biri də müzakirə etdiyimiz əsərin qəhrəmanı Sarıköynəkdir…

Əsərin qəhrəmanlarında onların müəllifinə xas olan şairanəlik, təbiətə vurğunluq özünü göstərir. Romanın ayrı-ayrı parçaları mənsur şeir təsiri bağışlayır.

Gənclər ətrafında pis adamlar da var, amma yaxşılar bu pislərdən çox və güclüdür. Camal müəllim, Muradzadə, Ceyran xala, Qədirxan baba və başqaları əsil sovet adamlarıdır. Onların hər birinin özünəməxsus səciyyəvi cizgiləri vardır.

Romanda əsas surətlərdən sonra xarakter bitkinliyi və koloriti ilə nəzəri cəlb edən obrazlar içərisində mən Qədirxan baba ilə Qonça nənəni xüsusilə qeyd etmək istərdim.

Əsərin ən gözəl məziyyətlərindən biri də onun dövlət və partiyanın qərarlarına, sosialist əmlakına xor baxanlara qarşı mübarizəmizə vaxtında cavab verməsidir.

QULU XƏLİLOV:
Romanda toxunulmuş problemlərin bizim ədəbiyyatımızda zəngin ənənəsi vardır. Sarıköynəklə Valeh kimi namuslu, təmiz, vətənpərvər gənclərin istək və arzuları haqsızlığa qarşı qüvvətli etiraz səsləri ədəbiyyatımız üçün həmişə doğma olmuşdur. Bu əsərdə də xalq malını dağıdan, el varından özünə saraylar tikdirən sovxoz direktoru Məcidov kimi cinayətkarların, onların harınlanmış, azğınlaşmış, meşşanlaşmış övladlarının əxlaqi sifətləri, dövlət qanunlarını pozan, insanların taleyi ilə oynayan Yusifov kimi prokurorların riyakarlığı ifşa hədəfinə çevrilmişdir.

Əsər nə üçün «nağıl» adlanır? Məncə, bu İlyas Əfəndiyevin yaradıcılığının təbiətindən, həyata və insanlara münasibətindən irəli gəlir. O, sərt realistdirmi? Yox! Belə yazıçıların yaradıcılığında realizmlə romantikanı bir-birindən təcrid eləmək olmaz. Əsasən lirik-psixoloji nəsrin nümayəndəsi kimi tanınan İlyas Əfəndiyev, mənə görə, Səməd Vurğunun poeziyada izlədiyi amalları nəsrdə davam etdirir. O, ən çox cəmiyyətimizin mahiyyətindən doğan böyük amalları ön plna çəkir və müsbət surətlərini mümkün qədər «romantik»ləşdirir, hətta az qala «nağıl»laşdırır. Əgər sərt realizm baxımından yanaşsaq, əsərdəki bəzi əhvalatlara ciddi iradlar tutmaq mümkündür.

Axı, hamı bilir ki, ədalətsizlik kök salmış yerlərdə yaltaqlar, əliəyrilər, rüşvətxorlar doğub tbrəmiş mikromühitdə valehlərin arzularına çatması asan olmadığı kimi, məcidovların da yelqovan kolu kimi birdən üzülüb «təbəxxür» etmələri bir o qədər də inandırıcı görsənmir. Məcidovların aşağılardan başlamış «yuxarılara» qədər qol-qanadlı dayaqları var. Yazıçının bədii qələbəsi bundadır ki, hətta nağıl kimi görünən həqiqətlərə də bizi inandırır. Məncə, İlyas Əfəndiyevin yeni romanının bədii-estetik dəyərini dəməhz bu nöqtələrdə axtarmaq gərəkdir. «Sarıköynəklə Valehin nağılı» müasir tələblər səviyyəsində yazılmış yaxşı əsərlərimizdəndir.

* * *
Müzakirəyə İmran Qasımov yekun vurmuşdur.


İLYAS ƏFƏNDİYEV:
«Sarıköynəklə Valehin nağılı» romanımın hörmətli oxucularım tərəfindən, ədəbiyyatmızın mötəbər yazıçı, şair və tənqidçiləri tərəfindən yaxşı qarşılanması mənim üçün fərəhli haldır. Fürsətdən istifadə edib Azərbaycan Yazıçılar İttifaqına, çıxış edən qələm dostlarıma minnətdarlığımı bildirirəm. Bu yüksək səviyyəli müzakirədən bir daha hiss edirəm ki, ədəbiyyatımızda tənqidi fikir inkişaf etmiş, onun miqyası nə qədər genişlənmişdir. Mən his elədim ki, bizim kommunizmin qəti tələblərin doğru sürətlə inkişaf edən cəmiyyətimizdə bəzən məharətlə maskalanan məcdovları, yusifovları damğalamaqda müəllif haqlıdır. Hörmətli oxucularımdan aldığım arası kəsiləməyən məktublardan hiss edirəm ki, Məcidov kimi, Yusifov kimi yaramazların ifşası xalqımızın ürəyindəndir. Onlara qarşı zəhmətkeş insanlarda dərin bir nifrət, kin vardır.

Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaşın respublikamızın iqtisadiyyatını və onun inkişaf yollarını, qələbələrini müdrikliklə analiz edib işıqlandıran nitqlərində eyni zamanda, kommunizm ideyalarına zidd psixologiya ilə yaşayan, zəhmətkeş insanlıran əməyi hesabına aristokratlıq eləyən, murdar simalarını maskalayaraq xalqa qəsd edən, namuslu adamları ləkələyən antipodlar da amansızlıqla ifşa olunur. Bu göstərir ki, biz yazıçılar kommunizm quruculuğumuzun misilsiz qəhrəmanlıq pafosunu, inqilabi romantikasını təsvir-tərənnüm etməklə bərabər, günəşin qızmar şüaları altında tər tökən zəhmət adamlarının hesabına sərin talvarlarda əyləşib şampan şüşələri partladan, özü üçün şahanə saraylar tikdirən məcidovlara da zərrə qədər güzəşt etməməliyik. Çünki belələri, küncdə-bucaqda gizlənsələr də, vardır. Balzak Qobseki, Yevgeni Qrandeni və ya Mirzə Fətəli Axundov Hacı Qaranı təsvir edəndə bu, heç də öz müasirləri üçün təəccüblü bir hadisə deyildi. Çünki bu tiplərin təzahürü burjuaziya cəmiyyəti üçün tamamilə zəruri idi. Lakin sosializm cəmiyyətinin tam yetişdirmələri olan, kommunizm ideyaları ilə tərbiyə alıb namuslu adamlar arasında böyüyən Sarıköynəklə Valeh üçün, Muradzadə üçün birdən-birə rast gəldikləri məcidovlar təəccüblü hadisə olmaya bilməz! Müəllif üçün isə təəccüb çox maraqlı idi. Öz müasirlərinin psixologiyasını tədqiq eləməyə cəhd eləyən bir yazıçı kimi mraqlı idi. Çox maraqlı idi ki, ürəkləri, vicdanları ayna kimi təmiz olan, həyata yenicə atılan Sarıköynək və Valeh məcidovların, yusifovların toruna düşdükdə neyləyəcəklər? Bu mənfu, zəhərli hörümçəklərin xəlvət guşələrdə qurduqları gözəgörünməz tordan necə xilas olacaqlar? Və bu hadisələr onların psixologiyasına, xarakterinə necə təsir edə bilər?

Ədəbiyyat tarixindən bizə məlumdur ki, məsələn, kasıb bir kəndli oğlu olan Jülyen burjuaziya cəmiyyətində düşdüyü tordan xilas ola bilmədi. Çünki bu torları quran onların keşiyində duran burjuaziya cəmiyyətinin öz hökmranlığı idi. Əlində hakimiyyət olan ağalar idi! Və bu hakimiyyətin qilyotinası aramsız işləyirdi! Bu qilyotinanın dalında burjuaziya hakimiyyəti dururdu! Bizim cəmiyyətimizdə peyda olan məcidovlar üçün isə heç bir ictimai zəmin yoxdur! Onlar sadəcə olaraq risqə gedirlər və gec-tez məhvə məhkumdurlar. Lakin onlar zəif təbiətli adamları tora salıb ələ aldıqları üçün ictimai əngələ, ziyankara çevrilirlər. Ona görə də hər bir namuslu yazıçı belə gözəgörünməz quldurların ifşasında xalqa, dövlətə köməkçi olmalıdırlar.

Romanın mərkəzində dayanan Sarıköynəklə Valehin hörmətli oxucularımız tərəfindən sevilməsi, hərəkətlərinin hərarətlə qarşılanması, əlbəttə ki, müəllifi fərəhləndirir. Oxucuların məktublarında tez-tez Valehlə Sarıköynəyin gələcək taleyi haqqında soruşurlar. Mən də bu suala ikinci kitabla cavab verməyə çalışıram. Onu da qeyd etməliyəm ki, Sarıköynəklə Valehin sınaqlarından qalib psixologiyasının əsil yaradıcısı əzəmətli kommunizm quruculuğunun pafosudur. Bunu oxucularımın hiss etməsi məni sevindirməyə bilməz.

Respublikamızda gedən böyük quruculuq işləri, Azərbaycan partiya təşkilatının və şəxsən Heydər Əliyev yoldaşın başçılığ ilə respublika zəhmətkeşlərinin bir-birinin ardınca nail olduqları qələbələr biz yazıçıları da yeni-yeni yaradıcılıq qələbələrinə çağırır.

"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti

Geri << 1 2 [3] 4 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az