-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Mətbuat >>
QOŞA QANADLA

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşaqardaş kimi qoşalıqda ucalan yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykəyə-söykəyə qaldırır… İlyas nəsri onun dramaturgiyasına, dramaturgiya da onun nəsrinə dayaq durur, kömək göstərir. Bu qoşalıqda qalxan yaradıcılıq həmişə təravətlidir, güllü-çiçəklidir, xəzanbilməzdir, solub-saralmazdır. İlyasın nəsri də, dramaturgiyası da ahəngdardır, cazibədardır. İlyas yaradıcılığında əsrarlı bir cazibə qüvvəsi və ahənrbanlıq vardır. Sən İlyas nəsrini oxuyursan, istər onun romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni, oxucunu yormur. Sən oxuya-oxuya təngimirsən, demirsən, görəsən nə vaxt qurtaracaqdır? Əksinə, oxuyub qurtarınca deyirsən, nə tez qurtardı, niyə belə tez qurtardı? Çünki İlyas nəsrində, bu nəsrin hər bir səhifəsində, sətrində bədii şəhd vardır, bu nəsir şirəlidir, qumm kimi quru deyildir. Vaxtı ilə mən yazıçının «Söyüdlü arx» romanını maraqla, məmnuniyyətlə oxumuşam. Daxildən gələn səsi dinləmişəm. ««Söyüdlü arx» barəsində» başlığı altında müfəssəl bir məqalə yazıb öz sözümü demişəm, hələ də «Söyüdlü arx» mənim gözlərimin qabağındla şırıltı ilə axır, mən Nuriyyəni, Muradı görürəm, onları romantik məhəbbət məcarasını duyuram. İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur ona görə ki, biz İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı ənənələrinin mahir davamçısını görürük. Azərbaycan Dövlət Dram Teatrının repertuarında, elanlarında, onun bir-birini əvəz edən səhnələrində biz İlyasın getdikcə genişlənən dramaturji səltənətini görürük. Bu səhnələrə heyranlıqla tamaşa edirik, bu bədii səltənət yaradıcısına əhsən deyirik. İlyas tamaşaları yarı yolda səhnə qatarından sürüşən, səssiz-səmirsiz düşən sərnişinlərə bənzəmir. İlyas dramaturgiyası bizim Akademik Dram Teatrının səhnəsində səslə-səda ilə bir-birini əvəz edə-edə yaşayır, səhnədə sevilir: salonda səhnəyə doğru qalxaq tamaşaçı alqışları bizim aktyorlarımızla yanaşı, birinci olaraq dramaturq İlyas Əfəndiyevin ünvanına çalınır. İlyas dramaturgiyası ötüb-keçən, sadə əhvalatlar üzərində qurulmur, insanları düşündürən insan taleləri ilə bağlanır. O, insan ehtiraslarını, psixoloji toqquşmaları bütün mürəkkəbliyi ilə səhnəyə gətirir. Burada xarakterlərin səthi yox, dərin, daxili çarpışmaları gedir. İlyas dramaturgiyasında psixoloji zərurilik, psixoloji təşrihlər daşqın bir yaz seli səsi ilə axır, cərəyan edir. İlyas səhnədə sabitləşibdir, möhkəmləşibdir. Buna görə İlyas dramaturgiyası heç də ötüb-keçən, mövsümi dramaturgiya deyildir, qalan, yaşayan, sevilən, əbədiləşən dramaturgiyadır.

İlyas qələmi qocalmır… İşləyir, işləyir… O, yaradıcılıq ehtirasıyla hər iki sahə üzrə – həm nəsr, həm də dramaturgiya üzrə qocalmayan, qocalmaq bilməyən qələmini işlədir.

O, ara-sıra təklikdə-tənhalıqda dəniz sahilinə çıxar, burada qıraqbaqıraq köpüklənən dənizin sahilə çırpılan dalğalarının səsi-sədası altında tez-tez addımlayar… Sən də fikirləşərsən ki, niyə İlyas Əfəndiyev yoldaş bu skamyaların birində əyləşib-əylənmir, niyə o, belə tez-tez addımlayıb gedir? Heç demə, İlyas qocalıqdan qaçır. Heç də qocalığı öz həndəvərinə buraxmaq, qocalaşmağa üz vermək istəmir. Elə buna görə də İlyasa tərəfdar çıxırsan, deyirsən qoy altmış yaşı tamam olan yazıçımız ayaqları tutduqca qocalıqdan qaçsın, qocalıq onu haqlayıb tuta bilməsin. Qoy İlyas öz qoşa qalxan yaradıcılığını – nəsrini, dramaturgiyasını Qoşa qanadlı ağ çinar kimi hey ucaltsın, ucaltsın!..

Süleyman RƏHİMOV ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT


MÜASİRLİK BÖYÜK ŞƏRTDİR

Yazıçı-dramaturq İlyas Əfəndiyev uzun fasilədən sonra yenidən nəsrə müraciət etmiş və «Sarıköynəklə Valehin nağılı» adlı romanını («Azərbaycan» jurnalı, No 10-11, 1976) çap etdirmişdir. Böyük Oktyabrın 60 illiyi ərəfəsində oxuculara təqdim olunan bu maraqlı roman son vaxtlar respublika partiya təşkilatının və ictimaiyyətin cəmiyyətimizə yad antipodlara qarşı apardığı geniş profilaktik tədbirlərlə yaxından səsləşir.

Bu günlərdə Azərbaycan Yazıçılar İttifaqı Natəvan adına klubda əsərin geniş müzakirəsini keçirmişdir. Məclisdə yazıçılar, tənqidçilər, mətbuat işçiləri və oxucular iştirak etmişlər. Məruzə və çıxışları ixtisarla veririk.

Müzakirəni Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi İmran Qasımov giriş sözü ilə açmışdır.

İMRAN QASIMOV:

Bizi bu gün, buraya, yazıçılar evinə yığan ədəbiyyatımızda baş vermiş xoş bir hadisədir: görkəmli yazıçımız, müasir ədəbiyyatımızın kamil qələm sahiblərindən biri olan İlyas Əfəndiyev «Azərbaycan» jurnalının səhifələrində yeni romanını dərc etdirmiş və bu əsər geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.

İlyas Əfəndiyevin əsərlərinin daimi oxucusu və tamaşaçısı kimi, onun istedadını ürəkdən qiymətləndirən qələm yoldaşı mən bu romanı böyük həvəslə oxumuşam. Burada çoxdan bəri arzuladığımız və görmək istədiyimiz bəzi məsələlərin konkret bədii təzahürünü tapmışam.

Məruzəçinin və çıxışları qabaqlamaq fikrində deyiləm, lakin İlyasın əsərinin elə qabarıq, aydın görünən keyfiyyətləri var ki, onları deməyə bilmərəm.

Birincisi hansı əsər olursa-olsun – istərsə lap qədim tarixdən danışsın – biz onda müasir bir baxış axtarırıq; laki nonu da unutmamalıyıq ki, çox hallarda müəlliflə təsvir olunan həyatın arasında müəyyən məsafə var ki, bu məsafə bədii fikrin sanballığına əlavə imkanlar yaradır. «Sarıköynəklə Valehin nağılı» romanında bu məsafə yox dərəcəsindədir: roman bildiyimiz kimi, hal-hazırda gedən həyati proseslərdən danışır və bu mənada müəllifin həqiq varlığa cəsarətlə müdaxilə etməsi təqdirəlayiqdir. Sağlam, yaradıcı qüvvələrlə bir dəstə yaramazın əlbəyaxasını təsvir edən müəllif öz sənətkar və vətəndaşlıq mövqeyini göstərir, bədii ümumiləşdirmə yolu ilə gedərək, Şərlə Xeyirin mübarizəsinə oxucunun diqqətini ustalıqla cəlb edir, onu düşündürür.

İkincisi, əsərin kompozisiyası, zaman və məkan vəhdəti, psixoloji dərinlik bizə bir daha sübut edir ki, müəllif zəmanəmizin ayrı-ayrı zahiri əlamətləri ilə kifayətlənməyib, onun oxucuya çatdırmaq istəmişdir.

Üçüncüsü, «Sarıköynəklə Valehin nağılı» romanı dəbii surətlərin daxili aləminin təsvirçiliklə, nağılçılıqla, statik informasiyalarla açan bəzi əsərlərə qarşı durur. Bu, bizi sevindirməyə bilməz. Nəhayət, bu roman – epik yox, lirik romandır. Və bu da ümumiyyətlə, İlyasın lirik nəsrin ustası kimi yeni zirvəyə qalxmasının sübutudur. Bir sözlə, «Sarıköynəklə Valehin nağılı» ədəbiyyatımıza xoş gəlmişdir, səfa gətirmişdir. Ümidvaram ki, bu günkü müzakirədə bu əsər haqqında maraqlı fikirlər söylənəcəkdir.

* * *
BƏKİR NƏBİYEV:

«Azərbaycan» jurnalı keçən ilin sonlarında İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanın birinci hissəsini nəşr etmişdir. Yazıçı əsərdə 70-ci illərdə respublikamızın həyatında baş verən dəyişikliklər, dağ rayondarının iqtisadiyyatında və mədəni quruculuq işlərindən əldə olunan nailiyyəğləri, sosialist qanunçuluğunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycan partiya təşkilatının ictimaiyyətin geniş dairələrini səfərbərliyə alaraq həyata keçirdiyi böyük tədbirlərin nəticələrini bədii lövhələrdə əks etdirməyi qarşısına məqsəd qoymuşdur. Romandakı hadisələrin uzaq dağ kəndindən başlayıb, sonra şaxələnərək rayon mərkəzinə, oradan isə Bakıya, respublika ədliyyə orqanlarınadək gedib çıxması da, bizcə, onun miqyas və ölçülərinin böyüklüyünü, əhatə dairəsinin genişliyini sübut edir. İ. Əfəndiyev Ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatırlarının repertuarındakı əsərlərinin sayı etibarilə o, müasir dramaturqlarımızın arasında birinci yeri tutur. Lakin məlumdur ki, İ. Əfəndiyev yaradıcılığa nəsirlə başlamış, onun hekayələrini, xüsusən də romanlarını oxucular və tənqid həmişə sözün yaxşı mənasında çox fəal qarşılamışdır. 50-60-cı illərin dövrü mətbuatını vərəqləyəndə görmək çətin deyil ki, ressenziyalarda, icmal məqalələrdə və problematik yazılarda ən çox bəhs olunan, üzərinə dönə-dönə qayıdılan və xeyirli polemika doğuran əsərlər sırasında «Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında üç dost» romanları mühüm yer tutur. Bu əsərlər qeydsiz-şərtsiz təqdir edənlər də, bəzi qəhrəmanların bu və ya digər fikir, hərəkət və xasiyyətləri ilə mübahisə edənlər də, onlara müəyyən etirazını bildirənlər də var idi. Lakin çox vacib əxlaqi, mənəvi problemlərin qoyulduğu həmin əsərlərə laqeyd qalan tənqidçi və ədəbiyyatşünas olmamışdı. Səbə bu idi ki, İ. Əfəndiyev öz əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərd və cəmiyyətlərin qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir. «Dağlar arxasında üç dost»un nəşrindən on üç il keçdikdən sonra yazıçının bir daha roman janrına müraciəti bir nasir kimi onu düşündürən, narahat edən əxlaqi, mənəvi məsələlər haqqında məhz lirik-epik növün geniş imkanlarından istifadə edərək söhbət açmaq zərurətindən doğmuşdur.

Sov.İKP qurultayının sənədlərində yetkin sosializm şəraitində şəxsi mənafe ilə ictimai mənafeyin üzvi vəhdəti problemi dərin elmi əsaslar üzərində qoyulmuşdur. Partiya bu vacib məsələni ölkəmizdə nəhəng ictimai vəzifələrin yerinə yetirilməsi, sosialist demokratiyasının daha da təkmiləşdirilməsi, tənqid və özünütənqidin genişləndirilməsi, xalqın həyat tərzinin inkişafı ilə üzvi əlaqədə həll etməyi məqsədəuyğun sayır, şəxmsiyyət bütövlüyünü, onun əxlaqi kamilliyini əsas ictimai və mənəvi sərvətlərdən biri kimi qiymətləndirir. L.İ. Brejnev yoldaşın qurultaydakı məruzəsində dediyi kimi, «Şəxsiyyəti ən çox yüksəldən onun həyatda yüksək mövqe tutmasıdır, ictimai borca şüurlu münasibət bəsləməsidir; bu zaman onun sözü ilə işinin bir-birinə uyğun gəlməsi gündəlik davranış norması olur».

İ. Əfəndiyevin son romanındakı qəhrəmanların inandırıcılıqla təsvir olunmuş mürəkkəb vəziyyətlərdə təzahür edən xarakterləri, düşüncə tərzi – ictimai borca şüurlu münasibət bəhs açmaq üçün zəngin material verir və bir qədər aşağıda göstərəcəyimiz kimi, onlar bu məsələdə nümunə ola bilirlər.

Diqqət edilsə, görmək çətin deyil ki, yazıçının bütün romanlarının qəhrəmanları kəndlərə yol çəkən, uzaq dağ fermaları ilə ilə el-oba arasındakı yollarda çaylar üstündən körpülər salan, bu yollar, bu körpülər vasitəsilə qabaqcıl mədəniyyəti kəndə aparan, istehsal proseslərini təkmilləşdirən, iqtisadiyyatı yüksəldən, kənd zəhmətkeşlərinin irfahını yaxşılaşdıran, onların qəlbinin dərinliklərinə işıq salan nurlu adamlardır.

«Sarıköynəklə Valehin nağılı» romanında tikinti də təsvir olunur, inşaat materiallarının daşınması da, kənd rayonunun məişət və iqtisadiyyatı da. Amma burada istehsalatda novatorluq axtarışları, tikintidə yeni metodlar və s. o qədər də müəllifin diqqət mərkəzində deyil. Bu və ya digər təzə iş üsulunun gətirə biləcəyi iqtisadi səmərədən daha artıq yazıçının əxlaq və mənəviyyatlarda, adamların davranışında, kollektivçilik duyğularında, bir-biri ilə ünsiyyətdə, ümumən xarakter və psixologiyalarda təzahür edən yeniliklər özünə cəlb edir. Bu səciyyəvi keyfiyyətlər romanın baş qəhrəmanlarında təbii bir ardıcıllıqla özünü göstərməkdədir. 18-19 yaşlı Sarıköynəklə Valehin taleyi sambalca on səkkiz-on doqquz ilin hüdudlarını aşıb-keçən ibrətamiz bir tarixçəyə malikdir. Körpəlikdən anadan da, atadan da yetim qalan Sarıköynək və Valeh uşaq evində tərbiyə almış, bir məktəbdə oxumuş, sevişmiş, öz sözləri ilə desək, öz-özlərini nişanlamışlar. Lap kiçik yaşlarından bir yerdə böyüyən, körpəlikdən eyni tərbiyəəinin nəsihətlərini eşidən, birgəyaşayış və ictimai davranış qaydalarına yiyələnən Sarıköynəklə Valehin xarakterlərində, adamlara, ictimai borca münasibətində ümumi cəhətlər çoxdur. Biz əsərdə gəncləri hələ ər-arvad kimi görməsək də, bu sözlər onlara çox yaraşır: torpaqları bir yerdən götürülüb!

Valehi igidliyə, qəhrəmanlığa aparan yolu yazıçı çox diqqətlə, hər addımını xüsusi həssaslıqla izləyir, onun xarakterində qəhrəmnlığı yetişdirən məqamları ardıcıllıqla açıb göstərir. Doğrudur, Valehin əsərin ilk səhifələrdən tanış olduğumuz bəzi mülahizələri sadəlövh təsir bağışlayır. Məsələn, o «igid babaların bizə nağıl kimi görünən həyatlarından» qalan bir nişanə yaşatmaq xatirinə stulda yox, yerdə oturmağı üstün tutur. Lakin çılpaq ürgəni qorxu bilmədən üzü enişə çapanda, yaxud tirdə beş güllənin beşini də hədəfin lap ortasından vuranda o, babaların igid nəvəsi kimi daha çox rəğbət doğurur. Cəsarət, qorxmazlıq və tizvəhmlik imtahanını Valeh gündəlik işində, həm də konkret əməli ilə verir. Çovğunlu bir vaxtda o, briqadadakı maşınların qabağına düşüb kələ-kötür dağ yolu ilə sürücüləri sağ-salamat mənzil başına gətirir. Tikinti vaxtında daşla təmin edildiyi üçün burada işin ahəngi bircə saatlığa da olsa pozulmur. Yaxşı əməllərinə görə irəli çəkilib sürücülər briqadasının başçısı qoyulandan sonra özünə tapşırılan işə, yoldaşlarının taleyinə, eləcə də bütün ətrafında baş verən hadisələrə qarşı Valehin məsuliyyət hissi də artır. Leysan yağış yağdığı bir gündə dağ çayından keçmək istəyən kolxoz sürüsünü sel apararkən çobanlara kömək üçün Valehin öz yoldaşlarını səfərbərliyə alması, onların özlərini təhlükənin ağzına ataraq kolxoz sürüsünü xilas etməsi buna sübutdur.

Təbiət əməlli-başlı anna laylası eşitməmiş, ata nəvazişi görməmiş bu oğlana son dərəcə həssas bir ürək bağışlayıb. Vətən torpağının gözəlliklərinə əl qaldıran, bütün ölkədə ceyran ovuna qadağan qoyulduğuna baxmayaraq, bu çöllər qızını «Qaz–69» maşının qabağına qatıb nəfəsini çatladan nanəciblər valehin gözünün düşmənidir.

Romanın ilk səhifələrini, müəllifin adlandırdığı kimi ilk nağıllarını oxuyanda görürsən ki, bu dünya süd kimi bəm-bəyazdır. Onun qoynunda iki gənc şən və bəxtiyar ömür sürür, sevişir. Onların ürəkdən xoşladıqları işi, yaxşı dostları, gözəl arzu və idealları var. Lakin getdikcə səma tutqunlaşmağa, bəzən də qaralmağa başlayır. Əsərin yeni fəsillərində Rəcəb kimi qumarbazlar, Cavanşir kimi əyyaşlar, Xıdırov və Məcidov kimi xalq malını yeyənlər, Rövşən kimi «qolçomaqlar», Musa kişi kimi qorxudan şahidlik eləyənlər görünməyə başlayır; onlar da yerlərini rayon milis rəisinin qabdibi yalayan müavininə, respublika prokurorluğunun müstəntiqi Yusifov kimi şarlatanlara, pasportun arasına beşlik qoymayanda gecələməyə yer verməkdən imtina edən mehmanxana xidmətçisinə tərk edirlər.

Valehin haqq-ədalət mücahidi olması, zəifə, gücsüzə qahmar çıxması, şər, nakəs və nadürüst adamların həddini bildirmək ehtirası romanın birinci hissəsində onun başına gələn böyük bir faciə ilə sonna yetir. Faciə yalnız ondan ibarət deyil ki, əslində heç bir şeydə müqəssir olmayan Valeh həbs olunur və üç illiyə məhkum edilir.

Ən dəhşətlisi budur ki, Valehin qahmar çıxdığı, müdafiə etdiyi adam – Musa kişi onun üzünə şahid durur ki, guya müqəssir sovxoz direktoru Məcidovun qudurmuş oğlu, günahsız qocanı şillələyib ağız-burnunun qanını bir yerə qatan Rövşən yox, elə Valeh özüdür… Bu faciəni oxucu çox dərindən yaşayır. Həqiqətin tapdandığını, Sarıköynəyin yaşlı gözlərini, «bəs hanı ədalət?» deyən baxışlarını görmək doğrudan da çox çətindir.

Mussa kişinin alçaqcasına dönüklük etidiyinə baxmayaraq, Sarıköynəyin qənaəti budur ki, o yaşda kişinin döyüldüyünü görəndə sinəsini qalxan edib onu qorumasaydı, bəlkə də heç sevgilisinin üzünə baxmazdı. Valehin mərdliyi, namuslu olması Sarıköynəyin gözündə dünyanın bütün naz-nemətindən əziz və qiymətlidir. Bununla belə, baş verən hadisə Sarıköynəyi çıxılmaz vəziyyətdə qoyur və ağır həyəcanlara səbəb olur. Ağlının kəsdiyi bu neçə ildə o özünün kimsəsiz, yetim bir qız olduğunu ilk dəfə bütün dəriliyi ilə bu zaman hiss edir. Lakin Sarıköynək sarsılmır. Sağlam kollektiv, dostları, yoldaşları, tikintinin rəhbərliyi və ictimai təşkilatları onların köməyinə çatır, ədalət öz yerini tutur.

Əsərin yeddinci nağılı kompozisiyada yeni bir səhifənin açılışıdır. Valeh qaranlıq meşədə üstünə düşən iki canini tərksilah edib nişanlısının köməyi ilə qollarını bağlayır. Onlardan biri ağır yaralıdır; digəri isə Valehə təklif edir ki, yaralının işini bitirsin, çamadanındakı otuz min manatı yarı bölsünlər. Cani Valehin gözündə daha da alçalır. Valehgil caniləri gətirib müvafiq idarəyə təhvil verirlər. Bu epizodu oxuyanda Muradzadənin Valeh haqqında dediklərinə bir daha haqq qazandırırıq: «Elə bil bu oğlan məhz həyatın pislikləri ilə əlbəyaxa olmaq üçün doğulmuşdur. O, yalnız özünün deyil, özgəsinində alçaldılmasına haqsız əzab çəkməsinə dözə bilmir. Heç özündən asılı olmayaraq belə hallar onu döyüşə təhrik edir».

Az yaşından başı bəlalar çəkmiş, həyatın isti-soyuğunu görmüş, şirinini-acısını dadmış Valehin, bu pak, mərd və cəsur gəncin bütün hadisələrdən sonra hüquq fakültəsində oxumaq arzusuna düşməsi tamamilə təbiidir. Bu barədə özünün arzuları çox maraqlıdır: «Mənə əyan olmuşdu ki, həyat Fatma nənənin hanasındakı əlvan rənglərdən ibarət deyil, həyatda yırtıcılar, əclaflar da var… Vicdansız işləri, Məcidov kimilərin ağalığını necə tarmar elədiyimi, əclaf adamların haqsız dolaşdırıb həbsxanaya saldıqları mərd oğulları necə azad elədiyimi gözümün qabağına gətirib qanadlanırdım». Bax, Valehi hüquqşünas olmağa qanadlandıran arzuları, bu duyğularıdır. Bəzi nanəciblərə hərəkət verən şəxsi intiqam, karyera ehtirası yox, libas və əşya parıltısı yox, əyri yolla varlanmaq niyyəti yox!.. beləliklə də, öz gələcək həyat yolu haqqında düşüənrkən taleyinin sosialist qanunçuluğu ilə bağlaması hər şeydən çox, M. Qorkinin sözləri ilə desək «özünə yazığı gəlməməsi» ilə şərtlənir. Qorki yazırdı ki, «Özünə yazığın gəlsin – dünyada ən məğrur, ən gözəl müdriklik bundadır. Yaşasın özünü əsirgəməyən insan! Həyatın ancaq iki forması var:

çürümək vəalışıb yanmaq. Qorxaq və xəsisi adamlar biricisini, mərd və səxavətli olanlar isə ikincisini seçərlər… yaşasın özünü əsirgəməyən insanlar!».

Sarıköynək əlinin zəhməti ilə vətənini abadlaşdıran, böyük arzularla yaşayan inşaatçı, ətrafındakılara qayğıkeş münasibət bəsləyən həssas bir adamdır. Valehin məhəbbətini dünyada hər şeydən uca tutan pak bir məxluqdur. O, çox gözəldir, sadədir, həmişə səmimi təsir bağışlayır. Lakin nanəcib adamlarla rastlaşanda bu keyfiyyətləri Sarıköynəyi təhlükələrə düçar edir. Bu sarıdan ilk sınaqdan o, yaşadığı evin sahibi Güllübəyim xalanın oğlu Cavanşirlə üzləşəndə çıxır. Kəndin kənarındakı tənha evdə Cavanşir girvəyə salıb qızı təhqir etmək istəyəndə Sarıköynək onun sinəsini bərk dişləyib qollarının arasından canını qurtarır. Başına gəlmiş əhvalat haqqında Sarıköynəyin düşüncələri çox maraqlıdır: «Billə-bilə ki, biz nişanlıyıq və bir-birimizi istəyirik, gör necə namərd iş tutur?! Belə də kişilik olar?».

Yazıçı əsərin bir neçə yerində Sarıköynəyin böyük fədakarlıqları ilə bizi tanış edir. Lakin yuxarıda ədliyyə orqanının işçisi Yusifovla üzbəüz gələndə Sarıköynəyin göstərdiyi qətiyyət bu mənada kitabın kulminasiyası hesab edilə bilər. Sarıköynək ədalətsizlik qurbanı olmuş nişanlısı Valehin ardınca kənddən Bakıya ədalət axtarmağa, valehi xilas etməyə gəlir, lakin ona kömək edə bilməməsi bir yana qalsın, özü də müstəntiq Yuçifovun alçaq ehtirasları toruna düşmək təhlükəsinə məruz qalır. Ancaq Yusifov kimi üzü üzlər görmüş, üzünü qan örtmüş vəzifəli əyyaşın zəhmi Sarıköynəyi basa bilmir, bağının qala kimi hündür hasarı onun qabağında dura bilmir, yeyin getməkdə ad qazanmış «Jiqulisi» ona çata bilmir. Sarıköynək «heç nəyə fikir vermədən qaçır…». 70-ci illərin ortalarına məxsus bu əqrəbin – hansı yollasa ədliyyə orqanlarına soxulmuş Yusifovun əlindən Sarıköynək güc-bəla ilə qurtarır, öz qızlıq şərəfinə, Valehin məhəbbətinə, təmsil etdiyi uca dağların təmizliyinə, bəkarətinə ləkə vurmağa qoymur.

Bəzən elə olur ki, iri həcmli əsərində müəllif bütün diqqətini bir qədər də artıqlaması ilə bir-iki əsas surət üzərində cəmləşdirir, qalanları isə epizodik rol oynayan aktyor sayağı, beş-üç söz, bir-iki cizgi ilə təqdim edir, o, da mərkəzi surətlərin bu və ya digər əlamət və xüsusiyyətinə işarə vurmaq üçün. Əlbəttə, baş qəhrəman baş qəhrəmandır, onu və digər mərkəzi surətləri zəif təqdim etdiyi üçün heç kəs yazıçıya bəraət qazandırmaz. Ləkin əsər boyu yalnz bir-iki adamın daxili adəmi ilə məşğul olub, bütün yerdə qalan personajları solğun bir fona çevirmək, pəyandaz edib onları ayaq altına salmaq da realizmin sənətkar qarşısında qoyduğu böyük tələblər baxımından məqbul hesab edilə bilməz. Xüsusən geniş epik miqyaslı romanlarda surətlər çoxcəhətli psixoloji təhlil əsasında, mürəkkəb həyat hadisələri və insanlarla qarşılıqlı əlaqə və münasibətlərdə açılmalı və bunun da əsasında daxili aləmin dialetikası təqdim olunmalıdır. Bu cəhət əsərdə Sarıköynəklə Valehin iş yoldaşları, səmimi dostları Zeynal, Eldar, Sərvər, Sarıköynəyin ev sahibəsi Gülbəyim xala, yeganə qohumu Qədirxan baba, vaqon bələdçisi, Bakı Sovetinin deputatı Ceyran, müstəntiq Muradzadə, nəhayət, mənfi surətlər – hərəsi öz fərdi siası, insanlara münasibəti, daxili-mənəvi aləmi olan surətlərdir. Valehin dostları və inşaat idarəsinin rəhbərləri onun başına gələnləri öz faciəsi kimi yaşayan, Sarıköynəklə sadəcə həmdərd və həmrəy olmaqla kifayətlənməyən, iş, əqidə yoldaşlarını xilas etmək üçün çalışan işgüzar və xeyirxah adamlardır. Valeh, Sarıköynək və yoldaşları vaxtaşırı Fikrət müəllimin öyrətdiyi kəlamları yada salır, onun nəsihətlərini xatırlayır, onun kimi olmağa, ona oxşamağa çalışırlar…

Maraqlıdır ki, biz əsərin heç bir yerində Fikrət müəllimi görmür, onunla ünsiyyətdə olmur, səsini bilavasitə eşitmirik. Lakin Sarıköynəklə Valehin uşaq evi, orta məktəb həyatı ilə bağlı xatirələrində arabir canlanan Fikrət müəllim, əgər belə demək mümkünsə, müəllif qayəsinin, hadisələrə yazıçı münasibətinin daşıyıcısı olan bir obrazdır. Burada da İ. Əfəndiyev nəsrinin maraqlı xüsusiyyətlərindən biri ilə qarşılaşırıq: əgər Fikrət müəllim daim romanın mərkəzində durub onun xüsusi çəkisi ağır olan samballı obrazları ilə bəhsə girsəydi, Sarıköynəklə Valehin sırğa edib qulaqlarından asdıqları həqiqətləri sağına-soluna səpələsəydi, bir naqilə, mənalələrdə deyildiyi kimi, yazıçının ruporuna çevrilərdi. Müəllif ölçü hissi ilə hərəkət etmiş, ona görə də Fikrət müəllimin bir nəsildən digərinə mənəvi yadigar təsiri bağışlayan fikirləri beləcə təbərrük kimi qorunub əzizlənmişdir. Maraqlıdır ki, romanda bütün faxşı adamlar, hətta onların bəziləri bir-birini heç tanımasa da, ömründə görüşməyibsə də, pisliyə, antipodlara qarşı mübarizədə birləşirlər. Bu antipodlar kənddi Rövşən və Cavanşir kimi əyri yola düşmüş cavanlar, rayonda sovxoz direktoru Məcidov və Xıdırov kimi vəzifəli oğrular, məhkəmə sədri, mərkəzdə Yusifov və qeyriləri təmsil edirlər. Elə bil ki, yazıçı bizə bu eybəcər adamların, bir növ pilləli estafetini təqdim etmişdir. Yəni demək istəmişdir ki, balaca rövşənlər, cavanşirlər uşaqkən ailədə, sonra şagird və tələbə yaşlarında lazımınca tərbiyə edilmədiyi üçün böyüyüb xıdırovlara çevrilir; qarşısı alınmadıqda, özlərinə himayədar tapanda Məcidov, Yusiıfov kimi mövqelərə qalxırlar. Yaxşı adamların məhz mütəşəkkil mübarizəsi sayəsində əsərdə Məcidov təki «kişinin» tifağı dağılır.

Cavanşirin timsalında müəllif bizi ictimai əxlaqi prinsiplərimizin ziddini təşkil edən tiplərdən birinin bəzi cizgiləri ilə tanış etmişdir. Rövşən isə bu cür adamların ikrah doğuracaq dərəcədə eybəcər nümayəndəsidir. İctimai əxlaq anlayışlarını o, yalnız istehzanın predmeti kimi qəbul edir. Cəmiyyətimizin ən fəal, mütərəqqi, inqilabi qüvvəsi haqqında da bu üzdəniraq ali məktəb tələbəsinin son dərəcə təhrif olunmuş, neqativ təsəvvürü var. Bu onun Sarıköynəyə müraciətlə dediyi sözlər bütün çılpaqlığı ilə büruzə verir: «Fəhlə olsan da müasir qızsan. Odur ki, səninlə açıq danışmaq istəyirəm». Müasirlik sözünü tez-tez işlətdiyinə baxmayaraq, o, müasirliyi də astarından görür. XX əsr onun üçün «həyatdan mümkün qədər çox qopartmaq» zamanıdır. Müasirlik və məhəbbət haqqında çürük fikirləri Sarıköynəyin dəmir kimi iradəsi qarşısında əriyəndə Rövşən bu inşaatçı qızı da, onun əməl dostlarını və sevgilisinidə «Tiyan altından çıxanlar!», «Bədbəxt araba atları!» deyə təhqir edir və bunun müqabilində özünü saxlaya bilməyən Sarıköynəkdən yağlı bir silli alır.

Ömründə bir tikə də halal zəhmətlə qazanılan çörək yeməmiş Rövşənin yetişdiyi mikromühiti – yəni Məcidovun evini, məişətini yazıçı bizə bu sovxoza köməyə göndərilmiş Valehin briqada müşahidələri əsasında təqdim edir. Məcidov keçmiş bəylər kimi yaşayır. Uşaq bağçası iki qaranlıq, rütubət otaqla yerləşən kənddə onun on iki gözdən ibarət ikimərtəbəli evi var. Bu ev kəndin məktəbindən də böyükdür. Hektar yarım sahəsi olan şəxsi bağında iki qaraj tikdirib – özünün «Volqa»sı, oğlunun «Jiquli»si üçün. Həyətində xalis Qarabağ cinsli atı o, üç min manata almışdır. Evində demək olar ki, hər gün ziyafət olur. Məclis iştirakçılarının da hamısı rayon mərkəzindən gəlmiş vəzifəli şəxslərdən ibarətdir. Bu evdə xidmət göstərən üç qadından biri xörək, digəri çörək bişirir, üçüncüsü isə paltar yumaqla məşğul olur. Məcidov özünü keçmiş ağalar sayağı aparır, qudurğanlıq edir, rəqiblərini ləkələyir, qabağını kəsənləri yolunun üstdən kənar etmək üçün rayon işçilərinə rüşvət verir. Başı özünün, ailəsinin firavanlığının təmin etməyə qarışmış Məcidovun əsla vecinə deyil ki, böyük sovxozda bir hamam, ya dəlləkxana yoxdur.

Kənddəki klub binasını da o, camaata xeyir vermək məqsədilə yox, özünün gözə soxmaq niyyəti ilə tikdirir. Ən dəhşətlisi isə budur ki, Məcidov pul gücünə rayondakı bəzi dövlət idarələrinin əməkdaşlarına təsir göstərib, günahsız adamları həbs etdirir, onlara cəza kəsdirir. Romanda aydın görünən müəllif məqsədini bu cür xarakterizə etmək mümkündür: harınlıq təzahürü olan belə faktlar həyatımız üçün səciyyəvi deyildir deyə, onların üstündən keçilməməlidir. Əksinə, diqqəti belə faktlara cəmləşdirib cəmiyyətimizin təbiətinə yad olan bu eybəcərlikləri yaradan bu səbəblər aşkar edilməməli və ən kəskin vasitələrlə aradan qalırılmalıdır. Qeyd etmək lazımdır ki, bu cür hallar respublika Ticarət Nazirliyi yanında ticarət və xalq istehlakı mallarının keyfiyyəti üzrə Dövlət Müfəttişliyi İdarəsində kütləvi rüşvətxorluq faktları haqqında Azərbaycan KP MK-nın qərarında yüksək prinsipiallıqla ifşa edilmişdir.

Əsərdən çıxan nəticə budur ki, antipodlara qarşı təkcə direktiv orqanlar yox, biz hamımız mübarizə aparmalıyıq. Oğrular, əyrilər, yerlibazlar, əxlaqsızlar və rüşvətxorlar öz üzərində sağlam kollektivin daimi ictimai nəzarətini hiss etməlidir. Rusca demiş olsaq, «Çåìëÿ äîëæíà ãîðåòü ïîä èõ íîãàìè».

* * *

Romandan Azərbaycan xalq folklorunun, xüsusən xalq dastanlarının cəzibədar rayihəsi gəlir. Əsərin adı «Sarıköynəklə Valehin nağılı»dır. Yada salaq ki, İ. Əfəndiyev hələ 1942-ci ildə Böyük Vətən Müharibəsi mövzusunda nağılvari üslubda yazdığı bir hekayəsində də buna bənzər sərlövhədən istifadə etmişdi: «Qəhrəman ilə bülbülün nağılı». Lakin folklor rayihəsi təkcə onun adındakı nağıl sözündə deyil. Romanda başdan-başa bir nağıl şirinliyi hakimdir. Müəllif nəsilləri sıralayanda da onları «birinci nağıl», «ikinci nağıl» və s. deyə növbələşdirmişdir. Bu zaman təhkiyyəni aparacaq adamın adına müvafiq fəsillərə xalq dastanlarına məxsus bir forma vermişdir: «Aldı Valeh, Aldı Sarıköynək» və s.

Lakin romanın Azərbaycan şifahi ədəbiyyatı ilə əlaqələrini yalnız folklorun bir zahiri əlamətləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Ədalət, həqiqət uğrunda bütün varlığı ilə mübarizəyə atılan təmiz mənəviyyatlı qəhrəmanlar, bir çox maniələrə rast gəldiklərinə baxmayaraq, daha da dərinləşən, alovlanan bakir məhəbbətin tərənnümü, dilindən ahəngdarlıq kimi keyfiyyətlər də öz kökləri ilə əsrlərdən bəri inkişaf edib gələn, yaşlaşdıqca təravətlənən və büllurlaşan folklor ənənələrimizlə bağlı deyilmi?

Oxuyanların yadındabır ki, İ. Əfəndiyevin «Söyüdlü arx» romanındakı hadisələr birinci şəxsin – Nuriyyənin dilindən təqdim olunur; «Körpüsalanlar» isə Səriyyənin təhkiyyəsi başlasa da, kompozisiya Adil və Qəribcanın etirafları ilə növbələşir. Son əsərində də yazıçı bu mənada meydanı ən çox öz baş qəhrəmanlarına «tərk edir», amma arabir bəzi digər obrazlar da təhkiyyəyə müdaxilə edirlər. «Dumanlı Təbriz» romanından başlamış, son illərin miniatür povestlərinə, xatirə hekayələrinədək bizdə birinci şəxsin dili ilə təqdim olunan çoxlu əsər var. Bu yalnız ilk baxışda asan görünən bir yoldur. Həmin yolun mürəkkəbliyi ondadır ki, yazıçılar son zamanlar bu qəbildən olan əsərlərində təhkiyyənin yükünü öz qəhrəmanları arasında bölüşdürmək yolu ilə gedirlər. Bu isə ona görə məqbul hesab edilməlidir ki, əvvəllər müəllif baş verən hadisələrin meydanına, şərti desək, bircə «pəncərədən» və təkcə öz nəzərləri ilə Baxa bilirdisə, indi onun sərəncamında iki-üç, bəzən də daha çox «pəncərə» olurvə oxucuda belə bir təsəvvür oyanır ki, əsərdə müəllifin və onun təhkiyyəsinə şərik olan qəhrəmanların görmə bucağından kənarda qalan heç bir hadisə, əhvalat qəlb aləmi və duyğu yoxdur. «Sarıköynəklə Valehin nağılı»nda müvəffəqiyyətlə istifadə edilən bu yol müəllifə qarşı oxucu inamını artırdığı kimi, əsərin realigizminə və psixologizminə də öz müsbət təsirini göstərmişdir. Lakin bir cəhəti də qeyd etmək lazımdır. Bəzən yazıçı təhkiyyələrin birində lazımi məlumatı aldığımız hadisənin üstünə növbəti nağılda yenidən qayıdır və belə halda təkrara yol verir. Məsələn, Xanışın altıncı nağılda təsvir olunan toyunda Məcidovun oğlu Rövşənin Sarıköynəyə şit-şit baxması və s. haqqında biz Valehin söhbətindən müəyyən məlumatı əldə etidiyimizdən, «Aldı Sarıköynək» bölməsində bu barədə deyilənlərə ehtiyac duymadıq.

Əsərin bəzi fəsillərində təfərrüatların təsvirində tənasüb gözlənməmişdir. Məsələn, Sarıköynəyin Valeh üçün bazarlıq edərkən mağazadan aldığı burun dəsmalı, corab və s. sayı eləcə də onların birlikdə Qədirxan baba üçün aldığı döşəkağının, mələfin miqdarı hesabda dəqiqliyi ilə göstərildiyi halda, ən gərgin fəsillərdən olan altıncı nağılda Yusifovun əlindən qurtarıb şəhərə qaçarkən nabələd kənd qızının başın gələn (yaxud gələ biləcək) əhvalatların verilməsində bir o qədər xəsislik duyulur. Halbuki burada təsərrüfat realist təsvirin öz daxili ehtiyacından doğmalı idi.

Romanın dili aydın, rəvan və ahəngdardır. Surətlərin dili fərdiləşdirilmiş və əksər hallarda onların yaşına, psixologiyasına, təcrübəsinə, əhval-ruhiyyəsinə müvafiq surətdə işlənmişdir. Aşağıda nümunə verdiyimiz parça təkcə surətin yaş, bilik və təcrübəsin müvafiq qurulduğu üçün deyil, bir də onun əhval-ruhiyyəsini, böyük, uğurlu məhəbbətindən aşıb-daşan sevinc duyğularını müvəffəqiyyətlə əks etdirdiyi üçün təsirlidir: «Başında çaynik olan güllü samavar sevinclə dızıldayırdı. Deyəcəksiniz ki, samavar cansız şeydi, necə yəni sevinclə dızıldayırdı? Sizi inandırıram ki, hər dəfə Güllübəyim xala tərtəmiz paltarda bizi (Valehlə Sarıköynəyi – B. N) kefikök qarşılayanda mənə elə gəlirdi ki, ağ samavar da bizim gəlişimizdən şadlanıb oxuyur…»

Bəzən İ. Əfəndiyev surətin danışıq tərzi ilə, dilindən verdiyi iki kəlmə sözlə onun haqqında az qala bir hekayəni oyada biləcəyi qədər ətraflı təsəvvür yaradır. Eyni sözü müəllifin Yusifov surətinin dili üzərindəki işi haqqında da demək olar… Ədalətsizlik qurbanı olmuş sevgilisinin taleyi ilə əlaqədar ədliyyə idarəsinə gələn Sarıköynəyə müstəntiq Yusifovun ilk sualı bu cəhətdən səciyyəvidir.

Əlbəttə, burada müstəntiqi peşəsi ilə əlaqədar olaraq açıq danışdığını fikirləşənlər tapıla bilər. Lakin biz görürük ki, vəhşi nəzərlərlə qızın bütün qamətini, vücudunu «araşdıran», əylənmək üçün əlinə növbəti fürsət düşdüyünü güman edən əyyaş Yusifov həmin qəfil sualla bir növ, Sarıköynəklə özünün arasındakı abır-həya, yaş-ismət və bəkarət pərdəsini aradan götürmək kimi çirkin məqsəd güdür. Lakin hamımızın yadında qaldığı kimi daş qayaya rast gəlir…

Bəzən isə surətlərin dilində, onların duyğularının ifadə tərzində təbiilik lazımınca gözlənmir, surətə məxsus hüdudlarla qarışır. Məsələn, əsərin bir yerində Valeh deyir: «Maşınları daşla doldurub qayıdanda qaldırıcı kranın zirvəsində dayanmış Sarıköynəyin qırmızı qıyqacı yenə də bahar küləyi ilə yellənirdi. Bir an mənə elə gəldi ki, Əbülüla Məərrinin karvanı günəşə yol alan kimi… mən də min ildir ki, qaldırıcı kranın zirvəsində qıyğacı yellənən Sarıköynəyə doğru gedirəm». Burada məşhur erməni şairi Avetik İsahakyanın «Əbülüla Mərrəri» əsəri nəzərdə tutulur. Özlüyündə maraqlı olan bu təsvir bircə cəhətdən özünü doğrultmur. 18 yaşlı Valeh bu poemanı da, başqa kitabları da, əlbəttə, oxuya bilər, lakin XI əsrin böyük ərəb şairi və filosofu Məərrinin günəşə, işığa, azadlığa doğru ehtiraslı irəliləyişi ilə Valehin öz sevgilisi Sarıköynəyin küləkdə yellənən qırmızı qıyğacına doğru getməsi arasındakı asossasiya surətin öz şəxsi təfəkkür tərzində uyğun deyildir. Bir də və daha çox ona gör ki, dediyimiz asossasiya yalnız yazıçının öz fikrində doğmuş və obrazın halına hissiyyat aləminə, görüş dairəsinə, erudisiya və mütaliəsinə uyğunlaşdırılmadan, birbaşa transplantasiya edilmişdir.

Sarıköynəklə valehin təhkiyyəsində bir cəhət bizi qane etmədi. O da üslubi fərdiyyətin təzahüründəki zəiflikdir. Doğrudur, onlar təqribən eyni yaşdadırlar, bir yerdə böyümüşlər və s. Lakin həmyaş olub bir yerdə böyümələri onların danışıq tərzini, üslubunu, əsərdəki təhkiyəçi rolunu fərdiləşdirmək zərurətini aradan qaldırmır, əksinə, daha da labüd edir.

Əsərin əvvəllərində Valehlə Sarıköynəyin iştirak etdiyi bir toy məclisi təsvir olunur. Bu toyun koloritinə və təbiiliyinə söz ola bilməz. Lakin onun bir cəhəti etiraz doğurur. Burada pul sel kimi axır. Həm də pulu xərcləyənlər təkcə Məcidov və onun oğlu kimi havayı yeyənlər deyil.

Bizim qeyd etdiyimiz, eləcə də müzakirələrdə göstəriləcək bu və ya digər qüsurlar «Sarıköynəklə Valeşin nağılı» romanın oyatdığı ümumi qənaətbəxş təəssurata xələl gətirmir. Bunlar romanın ikinci hissəsi yazılarkən, eləcə də əsər bütünlükdə kitab halında çapa hazırlanarkən asanlıqla aradan qaldırılması mümkün olan qüsurlardır. İndiki halında «Sarıköynəklə Valehin nağılı»ndan sevdiyimiz xarakterlər oxucuya insanlar arasındakı rəngarəng və cazibədar münasibətlərdən, sevgidən, dostluqdan, qardaşlıqdan, namuslu əməyin romantikasından, halal çörəyin ətrindən müvəffəqiyyətlə danışır. Biz onların bəzilərinin başına gələnlərin timsalında həyatın sərt üzünü də görür, daş ürəkli insanlarla, bədxahlarla, əliəyrilərlə, tüfeylilərlə də tanış oluruq. Bütünlükdə götürdükdə, mənfili-müsbətli bu adamlar vasitəsilə müəllif bizə bitməz-tükənməz kitabın yeni səhifələrində oxuyur.

Geri << 1 [2] 3 4 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az