-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

MƏTBUAT

İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir. … Nə üçün biz İlyas Əfəndiyevin «Bahar suları» əsərini sevdik və şadlıqla qarşıladıq? Niyə biz onun qəhrəmanlarını sevdik? Onlarda nə kimi yeni, tarixi məziyyətlər gördük? Biz onların qəlbində gözəl, xeyirxah hisslər, həyat və mübarizəsində adamlarımızın əməl və arzularını, xalqa, vətənə yeni, həm də şairanə münasibətini gördük. Biz onların həyat və hərəkətlərini izlədiyimiz zaman xüsusi mülkiyyət dünyasının yarıtdağa məhdud, xundpəsənd, paxıl, rəzil təbiətlər əvəzinə ictimai həyat zəminində yaranan nəcib və alicənab təbiətlər gördük. Biz «Bahar suları» əsərini onun şeiriyyətinə görə sevdik, bir daha inandıq ki, sosializm həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradır.

Səməd VURĞUN
* * *

İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.

Mehdi HÜSEYN
* * *

İlyas Əfəndiyev öz qəhrəmanlarını quru kitab dili ilə deyil, canlı, təbii bir dillə danışdırır, hər surəti özünəməxsus cizgilərlə fərdiləşdirir. Müəllifin fərdi danışıq dili üzərindəki müşahidəsi böyükdür. Yerli-yerində canlı ifadələr, müvəffəqiyyətli atalar sözləri işlətməsi bunun isbat etməkdir.

Məmməd ARİF

* * *

Azərbaycan musiqisi ulu bir çinar kimidir. Azərbaycan torpağının, xalqının dərinliklərindəndir. Gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam, yekparədir. Budaqları bir-birindən sıx, qol-qol, ayrı-ayrı tərəfdən eyni göy üzünə yüksəlir.

Eyni sözü Azərbaycan Sovet ədəbiyyatı üçün də demək mümkündür.

Azərbaycan Sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə yayılması, gövdənin birliyi, yekparələyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm də oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür.

Nazim HİKMƏT
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti


SƏHNƏMİZİN MÜTTƏFİQİ

Mən İlyas Əfəndiyevin pyeslərinin rejissoru olmamışam. Amma onun səhnə əsərlərinə həmişə maraqla baxmışam, onlardan bədii həzz almışam. Onlar tamaşaçıya, adətən, dərin təsir göstərir, düşündürür, adamlar arasında faydalı mübahisəyə, bəzən xeyirli mübahisələrə də səbəb olur. Belə əks-səda, belə təəssürat sənətkarlıq hünərinin mühüm əlamətlərindəndir. Məhz bu hünərin gücünə İlyas həyat həqiqətini öz dramlarında bədii həqiqətə çevirə bilir. Onu əhəmiyyətli konflikt şəraitində göstərməyə müvəffəq olur. Uzun illərin təcrübəsi, dramaturqun məhsuldar yaradacalığı ikitərəfli, daha doğrusu, üçiərəfli fayda vermişdir: onun özü üçün, səhnəmiz və səhnə xadimlərimiz, nəhayət, tamaşaçılarımız üçün. Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki, İlyas artıq teatrın təbiətinə, səhnənin sirlərinə yaxşı bələd ola bilmişdir. O, mövzu seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər və xarakterlər yaratmağı, öz fikirlərini bəyanət yolu ilə deyil, canlı hadisələrdə, yığcam dialoqlarda, əsil səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır. İlyası tanıdan, sevdirən bir cəhət də var: onun özünəməxsus dramaturq fərdiyyəti, öz üslubu. O, dramaturgiyamızın yaxşı ənənələrinə biganə deyil. Amma bununla belə, heç kəsi də təkrar etmir. Odur ki, onun yazdıqları maraq oyatdığı kimi, yazacağı əsərlər də intizarla gözlənilir. Mən əminəm ki, o tamaşaçılarımızı, aktyorlarımızı, rejissorlarımızı yeni-yeni pyesləri ilə sevindirəcək. Müasir həyatın və müasirlərimizin bədii səhnə inikasında İlyasın xidməti və müvəffəqiyyətləri böyükdür. Mən onun yalnız altmış yaşını deyil, həm də artımlı yaradıcılığını təbrik edirəm, onun səhnəmizlə bağladığı ittifaqın daha da möhkəm olmasını, daha böyük səmərə verməsini arzulayıram.

Mehdi MƏMMƏDOV
"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti


VÜSƏTLİ VƏ ŞAİRANƏ

Azərbaycan sovet ədəbiyyatının ən görkəmli nümayəndələrindən birinin – gözəl nasir, dramaturq və ədibimiz İlyas Əfəndiyevin anadan olmasının altmış illiyi tamam olur.

Əlbəttə, sənətin yaşı illərlə ölçülmür. Həqiqi yaradıcılıq, əsil bədii istedadın inkişaf edib boya-başa çatması və kamilləşməsi daha mürəkkəb prosesdir, beş-on ilin və ya onilliklərin çərçivəsindən xeyli kənara çıxan, daim irəliliyə boylanan, həmişə canlı və təravətli bir aləmdir. Yaradıcılıq və sənət dünyasının səmərəsi, abidələri və əsərləri özü də yaşayır, öz yaradıcısını da yaşadır, onlara bəşəriyyətin bədii fikir tarixində layiqli yer də qazandırır. Azərbaycan sovet ədəbiyyatının yaradıcıları arasında belə həqiqi sənət adamları, qələm sahibləri az deyildir. Onların cərgəsində biz İlyas Əfəndiyevin də adını iftixarla çəkirik.

İlyas Əfəndiyev haqqında çox yazılmışdır. Onun ədəbiyyat sahəsindəki fəaliyyətinə ədəbi tənqid həmişə diqqətlə yanaşmış və yüksək qiymətləndirmişdir. Hekayələri, oçerkləri, povest və romanları, eləcə də pyesləri barədə yazılan məqalələrdə, ədəbi portretlərdə və ədəbiyyat tarixinə həsr olunmuş tədqiqatlarda yazıçı haqqında birsıra maraqlı fikirlər söylənmiş, üslubu, mövzuları, obraz və qəhrəmanları nəzərdən keçirilmişdir. Ədəbi-tənqidi fikrin İlyas Əfəndiyev haqqındakı mülahizələrinə yekun vurulsaydı, demək olar ki, hamının razılaşacağı ümumi tezisi belə ifadə etmək olardı: İlyas Əfəndiyev müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır, onun qələmi, istedadının təkraredilməz cüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Buraya yazıçı daxili aləmin dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gözümüz önündə İ. Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılar.

Ədəbi tənqid İlyas Əfəndiyevin əsərlərini ədəbi janrlar və növlər baxımından da dəfələrlə təhlil etmiş, onun bədii nəsri və dramaturgiyası haqqında fikir söyləmiş, eyni zamanda, yazıçının pyeslərinin səhnə təcəssümü barədə söhbət açmışdır. Bütün bu müxtəliflik və rəngarənglik daxilində bəzən mübahisələr və münaqişələr də doğmuş, İlyas Əfəndiyevin yaradıcılığının bu və ya digər xüsusiyyəti və ya ayrı-ayrı əsərləri, hətta bəzən ayrı-ayrı obraz və xarakterləri ətrafında maraqlı ədəbi söhbətlər getmişdir. Lakin bütün bunlarla yanaşı, zənnimizcə, ədəbi tənqid İ. Əfəndiyevin yaradıcılıq diapazonunu bütünlüklə qavrayıb, onun incəliklərini sənətkarlıq baxımından dərindən təhlil edərək, yazıçının ümumiləşmiş portretini hələ yaratmamışdır.

Bəlkə də bu onunla əlaqədardır ki, İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim hərəkət və inkişafdadır, yeni-yeni əsərlərlə zənginləşir və dolğunlaşır. Buna görə də onun yaradıcılına məxsus olan ayrı-ayrı cizgilər və keyfiyyətləri, yaradıcılıq xüsusiyyətlərini, təkraredilməz cizgiləri təhlil etməmək, ümumiləşmiş nəzəri mülahizələrdən çəkinmək olmaz.

Nəzərdə tutmaq lazımdır ki, bədii nəsrimizin və dramaturgiyamızın yaradıcıları haqqında monoqrafik nəzəri əsərlərimiz hələ çox azdır. Ədəbi-tənqidi fikirdə yaradıcılıq portreti hələ də cızılmamış sənətkarlarımızdan biri də məhz İlyas Əfəndiyevdir. Halbuki bədii yaradıcılıq onun ədəbi portreti üçün zəruri olan bütün cizgilər və boyalar aydınlaşıb üzə çıxmışdır və öz nəzəri ümumiləşməsini gözləyir.

Əgər sənətkar dostum İlyasın bu altmış illik yubileyi günlərində ədəbi portret yaratmaq üçün lazım olan ən zəruri cizgiləri və keyfiyyətləri sadalamaq zəruriyyəti ortaya çıxsaydı mən hər şeydən əvvəl İlyas Əfəndiyevin yaradıcılığının arxalandığı böyük və qüdrətli amalı xoşbəxt gələcək amalını, həyat və həqiqətini qeyd edərdim. İ. Əfəndiyevin kiçik hekayə və oçerklərindən tutmuş pyeslərinə, povest və romanlarına qədər bütün əsərlərində zəmanəmizin, ictimai inkişafının aparıcı meyli – sosializm ideyaları, sovet həyatının həqiqəti, sovet adamının yaradıcı zəhməti, yüksək vətəndaşlıq qüruru və mənəvi aləmi ön planda təsvir olunur, qabarıq verilir. Bu əlbbəttə, sovet yazıçılarının yaradıcılıqlarında özünü göstərən əsas keyfiyyətdir. Lakin həyat həqiqəti, zəmanəmizin qabaqcıl ictimai meyli öz ifadəsini hər sənətkarın yaradıcılığında xüsusi bir şəkildə tapır. Hansı yazıçı və sənətkar həyata, zəmanəyə daha yaxından bəllidirsə, hadisə və faktları seçmək, saf-çürük etmək və ən başlıcası, bədii ümumiləşdirmək bacarığı güclüdürsə, onun oxucuya, tamaşaçıya təqdim etdiyi həyat həqiqətləri daha inandırıcı və real olur, tərənnüm etdiyi ideya və ideallardaha cəzibədar olur, təsirli çıxır. Həyata bələdlik yalnız hadisələri bilmək, həyata bələdilik bilavasitə həyatı öyrənmək, dərindən dərk eləməkdir, həm də, ümumiyyətlə həyatı sevmək, ona müdaxilə edə bilməkdir, fəal sənətkar münasibətivə aydın sənətkar mövqeyidir, nəhayət, sənətkarın öz istedadından doğan bir sıra keyfiyyətlərdir ki, orada müşahidə də, təcrübə də, ekspriment də vardır, ən adi təfərrüatdan başlamış ən böyük mənəvi problemlərə, çətin və mürəkkəb insan xarakterlərinə nüfuz etmək qabiliyyəti vardır. Əgər bu gün həmin keyfiyyətlərin qabarıq və güclü göründüyü yazıçılardan iki-üç nəfərini seçmək lazım gəlsəydi, onlardan biri, məncə, İlyas olardı.

Bəddi nəsrin dramaturgiya ilə fərqli cəhətləri, janr və ədəbi növ xüsusiyyətləri vardır. Amma onların hər ikisi üçün zəruri olan ümumi cəhətlər də az deyildir. Nasir hekayə danışmağı, nağıl etməyi – təhkiyyəni bacarmalıdır. Bacarmaq yox, təhkiyyənin ustası olmalıdır. Hekayə, roman, poves telə nağıl edilməlidir ki, o hekayəni, romanı və ya povesti nə başqası nağıl edə bilsin, nə də o cür nağıl edilə bilsin! Dramaturgiya da belədir: – dramaturq qələmə aldığı əhvalatı elə göstərməlidir ki, heç kəs o əhvalatı və o cür göstərə bilməsin. Bu qabiliyyətə malik sənətkarlarımız az deyildir. Amma onların ən qabiliyyətliləri seçilməli olsa, zənnimcə, İlyas həmin seçilənlərdən biri olmalıdır.

Əgər buraya insanın daxili aləmini, qəlbin ən dəruni və incə tellərini hərəkətə gətirən psixoloji halların üzə çıxaralmasını, müxtəlif səciyyələrin geniş təsvirini əlavə edib mühakimə yürütsək, deyə bilərik ki, İlyas Əfəndiyevin əsərlərində həmin keyfiyyətlər çox güclü və qabarıqdır. «Kənddən məktublar» (1939) kitabında toplanmış beş hekayədən başlamış İlyasın «Körpüsalanlar», «Söyüdlü arx», «Dağlar arxasında üç dost» əsərlərinə, «Atayevlər ailəsi», «Mahnı dağlarda qaldı», «Qəribə oğlan», «Unuda bilmirəm» peyslərinə qədər irili-xırdalı əsas əsərlərini gözümüzün qarşısında canlandırmağa çalışaq: – görərik ki, heç bir hadisə, əhvalat unudulmayıb, heç bir əsas qəhrəman, ciddi xarakter yaddan çıxmayıb! Unudula bilməz də! Ümumi siqlətindən asılı olmayaraq, İlyas böyük-kiçik hər bir hadisəni elə qurur, elə nağıl edir və ya göstərir ki, oxucunun və tamaşaçının təkcə düşüncəsinə deyil, qəlbində iz salır; xarakterləri elə təqdim edir ki, onlar lap bizim müasirlərimiz olsa da, yenə təzə kəşf olunmuş adamlar kimi görünür, hafizə və qəlblərdə özünə yer tapır. Bunun əsas səbəbi bəlkə də budur ki, İlyas öz yaradıcılığında sənətin elə bir vacib şərtini həmişə nəzərdə tutur və tətbiq edir: insanın zahirindəki cizgilərdən başlayıb zahirinə tərəf gedən bədii təhlil yoluna çəkir. Xarakter yaratmağın bu çətin üsuluna yiyələndiyi üçündür ki, İlyasın əsərlərində qələmə alınan hadisələrin də daxili, psixoloji hərəkəti, konfliktlərdəki, münasibətlərdəki mənəvi qaynaq və düyümləri görünür, duyulur, çünki müəllif özü onları bizdən əvvəl duymuş, hiss etmiş və yaşamışdır. Əlbəttə, unudulmaz dramaturqumuz Cəfər Cabbarlının ənənələri davam və inkişaf etdirmək prosesini özü vahid və yeganə bir dramaturqun üzərinə düşən iş kimi başa düşülə bilməz. C. Cabbarlının yaradıcılıq ənənələri zəngin və çoxcəhətlidir, onu davam və inkişaf etdirən sənətkarlarımız da az deyildir. Lakin – həmin ənənələrin səhnədə yaşadılaraq yeniləşdirilməsi prosesində İlyas Əfəndiyevin bir dramaturq kimi xidməti ayrıca qeyd edilməyə layiqdir. Xüsusən gəncliyin, yeni nəslin ən müasir duyğular və hisslər, arzu və istəklərlə yaşayan, həyatı qurub-yaradan, daim irəliyə – gələcəyə baxan qabaqcıl oğul və qızlarımızın obrazlarını qələmə almaq, onların surətini səhnəyə gətirmək, müasirlərimizi müasir tamaşaçıların özünə təqdim etmək İ. Əfəndiyevin dramaturgiyasında orijinal bir xəttdir ki, bunun da başlanğıcını C. Cabbarlı yaradıcılığı ilə bağlı olduğunu görməmək olmaz. Gənc nəslin müasir həyatdakı mövqeyi, rolu və taleyi məsələsi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin diqqətini həmişə cəlb etmişdir. Gənclik və onun mənalı, məzmunlu fəaliyyəti, işgüzar və romantik yaradıcılıq enerjisi bundan sonra da ədəbiyyatımıza yeni təravət gətirəcəkdir. C. Cabbarlı ənənələri haqqında danışarkən nəzərdə tutmaq lazımdır ki, o ənənələrdən biri də səhnəyə səhnəni irəli apara biləcək, teatr kollektivinə yaradıcılıq imkanı – rejissor və aktyor sənətinə geniş meydan açan, ilham verən pyeslərin gəlməsidir. İ. Əfəndiyevin dramaturgiyasında biz bu xüsusiyyəti də aydın seyr edə bilərik. Onun dramatik əsərləri üzərində yeni aktyor nəsli yetişmişdir. Teatrla yaxın əlaqə, səhnə ilə, səhnənin əsas bəzəyi və iftixarı olan yaradıcı kollektivlə ünsiyyət bağlamaq C. Cabbarlıdan yadigar qalmış ən səmərəli bir ənənə kimi bu gün də yaşayırsa, drmaturqla teatrın yaradıcılıq əməkdaşlığı kimi yüksək bir səviyyəyə ucalırsa – biz onunla fəxr etməliyik.

Dil – bədii ədəbiyyatın əsas vəsitəsidir. Kamil obrazlı bədii dilin rəngarəng parıltısı, işığı, ahəngi və musiqisi olmasa bədii yaradıcılıqdan söhbət açıla bilməz. İ. Əfəndiyevin nəsr və dram əsərlərinin dili aydın, səlis və obrazlıdır. Onun bədii dilindəki şirinlik, təbiilik, musiqililik bütövlükdə yazıçının təsvirlərin bir şairanəlik, mühakimələrinə bir axıcılıqvə ahəngdarlıq gətirir. Həyatı, insanları, mövzuları, konfliktləri, xarakterləri, mənəvi aləmi, məhəbbətin qadir qüvvəsini incəliklərinə qədər duyan və qələmə alan İ. Əfəndiyev bədii dilin bayolarını, intonasiyasını, lirikasını, poeziyasını da eyni həssaslıqla duyur. Qələm sahibi üçün bu çox böyük nemətdir. İ. Əfəndiyevin ümumiyyətlə bədii üslubuna xas olan bir cəhəti də qeyd lazımdır: İlyas qısa və lakonik, yığcam və səlis, lakin dərin və mənalı, fikir bolluğu ilə yazıb-yaratmağı üstün tutur, forma ilə məzmun arasında tam vəhdət yaratmağa xüsusi səy göstərir və buna müvəffəq də olur.

İlyas Əfəndiyevin bədii yaradıcılıq portreti üçün nəzərdə tutula biləcək cizgilər çoxdur, onlar sayılmaqla qurtarmaz. Lakin həmin cizgilərin hamısı üçün ümumi olan, onların hamısına aşılanmış bir keyfiyyət var: vüsət və şairanəlik!

Qoy bu keyfiyyət onu həmişə müşayiət etsin!

Əkbər AĞAYEV


MÜXTƏLİF DİLLƏRDƏ

İlyas Əfəndiyev yalnız Azərbaycanda deyil, bütün Sovet İttifaqında çap olunan və sevilə-sevilə oxunan yazıçılardandır. Onun bir sıra əsərləri ingilis, fransız, alman, ərəb, fars, türk, bolqar, macar, çex və s. dillərə tərcümə edilmişdir.

Yazıçının pyesləri Sovet İttifaqının otuzdan artıq teatrında tamaşaya qoyulmuşdur.

«Söyüdlü arx» romanı ədibin ən kütləvi əsərlərindən biridir. Roman rus dilində ilk dəfə «Drujba narodov» jurnalında çap olunmuşdur. Bundan sonra dilində iki dəfə ayrıca kitab şəklində nəşr edilmişdir. «Söyüdlü arx», Ukrayna, Gürcü, Eston, Litva, Latviya dillərində ayrıca kitab şəklində, özbək, erməni, türkmən və sair dillərdə isə jurnallarda çap olunmuşdur. Bu romanın nəfis nəşrlərindən biri də Çexoslavakiyada buraxılmışdır. «Körpüsalanlar», «Dağlar arxasında üç dost» romanları da başqa əsərləri kimi rus dilində Moskvada, eləcə də SSRİ xalqlarının dilində dəfələrlə nəşr edilmişdir.

"ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzeti

[1] 2 3 4 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az