| |
 |
| XATİRƏLƏR |
|
©
Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.
|
|
SƏMƏD
VURĞUN – Xalq şairi İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük
məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla
göstərir… Biz «Bahar suları» əsərini onun şeiriyyətinə görə sevirik, bir daha
inanırıq ki, həyatımızda yalnız maddi, nəhənglər deyil, eyni yeni, zəngin həm də
gözəl bir insan mənəviyyatı yaradılır.
Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
NAZİM HİKMƏT – Beynəlxalq Sülh mükafatı lureatı, türk şairi Azərbaycan
sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın
arasında kökü dərinliklərə yayılmış, gövdənin birliyi, yekparəliyi
nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı
tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm
oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da,
üstad Cəfər Cabbarlı və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi
söyləmək olar.
Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
MƏMMƏD ARİF – Akademik İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq
bir yazıçıdır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq
olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların necə qardaş kimi
əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir
edir.
Kommunist, 1974, 17 noyabr
MEHDİ HÜSEYN – Xalq yazıçısı İlyas Əfəndiyev yenə də öz yaradıcılıq
xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə
boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist
dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.
Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
MİRZƏ İBRAHİMOV – Xalq yazıçısı, akademik Azərbaycan ədəbiyyatı mənim
nəzərimdə böyük və rəngarəng güllüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu
gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar
toplu və dolğun bir çiçəklikdir. İlyas Əfəndiyev yaradıcxılıqda gözəlliyə,
incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib
xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun
çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək
sərf edir, bu da nəticəsiz qalmır onun əsərlərinin maraqlı, oxunaqlı olmasına
kömək edir. Bu əmək və səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun
azlığından şikayət edə bilməz.
Şəfalı işıqlar// Azərbaycan 1974, No 11, s. 12
SÜLEYMAN RƏHİMOV – Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığı
Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə
köklənən Qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı
nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykəyə-söykəyə qaldırır… İlyas
nəsri onun dramaturgiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək
göstərir. İlyasın nəsri də, dramaturgiyası da ahəngdardır, cazibədardır… Sən
İlyas nəsrini oxuyursan, istər onun romanı, povesti olsun, istərsə bir-birindən
gözəl hekayəsi olsun, heç birisi səni – oxucunu yormur… İlyas yaradıcılığında
dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur ona görə ki, biz
İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı ənənələrinin mahir
davamçısını görürük.
Qoşa qanadlı // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
MEHDİ MƏMMƏDOV – Xalq artisti, professor səhnə xadimləri və
tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki, İlyas
artıq teatrın təbiətinə, səhnənin sirlərinə yaxşı bələd ola bilmişdir. O, mövzu
seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz
fikirlərini bəyanət yolu ilə deyil, canlı hadisələrdə, yığcam dialoqlarda, əsl
səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.
Səhnəmizin müttəfiqi // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
ƏLİ VƏLİYEV – Xalq yazıçısı İlyas Əfəndiyev bir sənətkar kimi həmişə
həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir və qələmə alır. Onun qəhrəmanları
dövrümüzün qabaqcıl adamlardır. Bu qəhrəmanlar yaşayıb yaratmaqdan, xarüqələr
yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə ömür
sürən, əliəyrilərə, gözüdağınıqlara, vəziyyətdən sui-istifadə edən
şöhrətpərəstlərə qarşı barışmaz olan bu adamlar ilk görüşdən oxucu və
tamaşaçıların ürəyinə yol tapır, özünü sevdirir.
Görkəmli sənətkar //Azərbaycan gəncləri, 1974, 16
noyabr
İSMAYIL DAĞISTANLI – Xalq artisti Azərbaycan Dövlət Akademik Dram
teatrının son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün
deyil… Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var. Bu
müasirlik isə həyatımızın daxili məzmunundan, onu irəli aparan qəhrəmanların
fəaliyyətindən və bu fəaliyyətin konfliktlərindən, poeziyadan doğur… İlyas
Əfəndiyevin dramaturgiyasında realizm və romantika, sərt həyat həqiqətləri ilə
şeiriyyət həmişə vəhdət təşkil edir.
Aktyora ilham verən rollar // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
KAMAL TALIBZADƏ – Akademik İlyas Əfəndiyev ən çox oxunan, seviln, özü
də heç kimə oxşamayan yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələrinə
öz yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur edən problemlərində
özunəməxsusluğu, orijinallıq güclüdür. Ədib, adətən, hamı üçün aydın və məlum
olan həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini,
elə məsələləri üzə çıxarmağı bacarır ki, onlar həm yeni olur, ədəbi maraq
oyadır, müasir problemləri barədə düşünənləri hərəkətə gətirir və təsadüfi
deyildir ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.
Yazıçının iedyası və təhkiyə // Ədəbiyyat və incisənət, 1980,
14 aprel
CƏFƏR XƏNDAN – Professor «Bahar suları» əsəri müharibədən sonrakı
kəndimizin real həyatından alınmışdır. Burada hadisə və tiplər canlı və
həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir.
Əsərdə sovet adamlarının həyatında ola bilən və ya konfliktlər, tamaşaçını
intizarda qoyan səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır.
Burada eşq və məhəbbət səhnələri də adamların müasir zövqü ilə əlaqədar
verilmişdir… Buradakı adamlar ümumi mənafeyini öz şəxsi mənafeyindən üstün tutan
şərəfli əməkdən zövq alan yeni adamlardır.
«Bahar suları» // Ədəbiyyat qəzeti, 1948, 28 dekabr
ƏLİ SULTANLI – Professor «Atayevlər ailəsi» əsərində verilmiş müsbət
surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və
düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə
ehtiyac yoxdur… Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların
əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil münasibətlərini
vermiş, yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır.
«Atayevlər ailəsi» //Azərbaycan, 1955, No6, s.
150-151
BƏXTİYAR VAHABZADƏ – Xalq şairi, akademik İlyas Əfəndiyev daima
yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan,
müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə
başqalarından seçilən qələm sahibidir. Mən onu hələ müharibə illərində yazdığı
lirik-romantik hekayələri ilə sevmişəm. Bu sevgi ildən-ilə artmış, heç zaman
azalmamışdır. Ona görə ki, İlyas adi həyat hadisələrini olduğu kimi, adi şəkildə
deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir sözlə – sənətin
ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.
Azərbaycan, 1974, No11, s. 13
ƏKBƏR AĞAYEV – Tənqidçi, professor İlyas Əfəndiyev müasirliyi dərindən
duyan, orijinal, həssas yazıçıdır, onun qələmi, istedadının təkraredilməz
xüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir
lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Buraya yazıçının
mənəvi aləminin dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gözümüz
önündə İ. Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan məziyyətlərin geniş və
əlvan rəngləri açılır… İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim
hərəkət və inkişafdadır, yeni əsərlərlə zənginləşir və dolğunlaşır.
Vüsətli və şairanə // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
CƏLAL MƏMMƏDOV – Yazıçı İlyas Əfəndiyev müasirlərimizdən yazır.
Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində inqilabın qələbəsi və
elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi,
iqtisadi-mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axtaran
müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas bədii tətbiq
hədəfidir.
İlyas Əfəndiyev (həyat və yaradıcılığı haqqında müxtəsər
oçerk), Bakı: Azərnəşr, 1975, s. 9
BƏKİR NƏBİYEV – Akademik İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı
səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika tədqiqatı
aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatrının repertuarındakı
əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri
tutur… İ. Əfəndiyev əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və
cəmiyyətin qarşılıqlı münasibətləri, ail əvə əxlaq problemləri barədə həmişə
təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə,
özünəməxsus orijinal üslübda ifadə edir.
Müasirlik böyük şərtdir // Ədəbiyyat və incəsənət, 1977, 14
may
QULU XƏLİLOV – Professor Onun bütün hekayələri, oçerkləri, dramları,
roman və povestləri, kino ssenariləri, məqalələri – tam halda yaradıcılığı
müasir həyatın duru və şəffaf çeşməsindən su içmişdir… Onun bütün əsərlərində
əsas aparıcı problem müasir insan, bu insanın psixoloji, əxlaqi cəhətdən
formalaşması, onun davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.
Müasir həyatmızın tərənnümçüsü // Bakı, 1974, 16
noyabr
SƏİD RÜSTƏMOV – Xalq artisti, bəstəkar Cəsarətlə deyə bilərəm ki,
böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız üçün yananlardan biri də
İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində… aləlvan rənglərə, naxışlara rast
gəlirik… O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik
sənətkarlardandır. Həm də mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun
dram əsərlərindəki müsbət obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik,
kövrək mahnıları ilə də yadda qalırlar.
Sevinc gətirir // Ədədbiyyat və incəsənət, 1974, 23
noyabr
İSMAYIL ŞIXLI – Xalq yazıçısı İlyas Əfəndiyev insanların şüurunda və
psixologiyasında baş verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji
ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun
əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə
düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanlarının səciyyəsini, onların
həyata, ictimai hadisələrə münasibətini, psixoloji cəhətdən araşdırır, çox zaman
ilk baxışdan xırda, intim görünən konfliktləri genişləndirib siyasi məna və
mahiyyətlə zənginləşdirir.
Hər şeydən əvvəl // Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980,
s.297
HÜSEYN ABBASZADƏ – Əməkdar incəsənət xadimi, xalq yazıçısı Mən İlyas
Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi
ictimaiyyət tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii
keyfiyyətində, sənətkarlıqla yazılmasında görürəm. Xalqı narahat edən
problemlərə toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz
açmaq vacib şərtlərdəndir və bu ədəbiyyatın zəruri vəzifələrindən biridir…
Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla bir-birini izləyir, dərin
maraq hissi ilə oxucunu arxasınca aparır. Müasirlik böyük şərtdir.
// Ədəbiyyat və incəsənət, 1977, 14 may
YAŞAR QARAYEV – MEA-nın müxbir üzvü Yazıçı İlyas Əfəndiyev son illər
nəsr sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest və romanları,
xüsusən, əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində, müasir
nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir.
Sevindirici haldır ki, İ. Əfəndiyevin son pyesi də bu nəsrin nailiyyətləri
zəminində və səviyyəsində yazılmışdır. Məhz buna görədir ki, «Sən həmişə
mənimləsən» pyesi ədəbi həyatmızıda yeni söz, müvəffəqiyyəti bir hadisə olub
lirik, perspektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq yolunda yaxşı
təşəbbüs, təcrübə kimi səslənə bilmişdir.
Səhnəmiz və müasirlərimiz – Bakı: Azərnəşr, 1972, s.
117-118
ƏLİ ZEYNALOV – Xalq artisti Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir
ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacının həyat eşqi kimi güclüdür. Amma
yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət yaratmaq
xatirinə meyl etmir. Onun lirikası qəhrəmanlarının psixoloji vəziyyəti ilə və
bilavasitə yaranmış zəruri situasiya ilə bağlı olur.
«Sən həmişə mənimləsən» // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
AMALYA PƏNAHOVA – Xalq artisti İlyas Əfəndiyevin yaratdığı surətlərdə
bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də Nərmini xatırlayın.
Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun üçün
məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə
də Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə
obrazları qələmə alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini
onlara bəxş etmişdir.
Coşğun ilhamla // Ədəbiyyat və incəsənət, 1974, 23
noyabr
|
 Ünvan: Bakı, AZ 1007 972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə |
| Tel.: (+994 12) 437 89 08 |
| Fax: (+994 12) 449 54 41 |
| E-mail: info@ilyasafandiyev.az |
|