-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

OXUCU MƏKTUBLARI >>>

Nuriyyə və Səriyyə bacıdırlarmı?

Kitab çap olunmuş mübahisədir deyirlər. İlyas Əfəndiyevin «Körpüsalanlar» əsəri də çap olanandan bəri, əsil mübahisə mənbəyinə çevrilmişdir. Bu əsər və bu əsərin obrazları haqqında, əsəri oxuyanların hər biri müxtəlif fikir yürüdür. Təsadüf deyil ki, «Azərbaycan qadını» jurnalı, 1962-ci ildə, bu mübahisəli əsər haqqında öz səhifələrində müzakirə açmışdı və həm də bu müzakirə, oxucuların ürəyindən xəbər vermişdi. Çox maraqlı haldır ki, müzakirədə iştirak edənlərin əksəriyyəti Səriyyənin hərəkətləri ilə heç cür razılaşmamışdılar.

İlyas Əfəndiyev Azərbaycanın püxtələşmiş yazıçılarından biridir. Oxucular onun əsərlərini sevə-sevə oxuyurlar. Onun «Söyüdlü arx» əsəri də oxucuların böyük rəğbətini qazanmışdır. «Söyüdlü arx»dakı Nuriyyəni hamı öz bacısı hesab edir, onu sevir, ona hörmət edir və hər kəs, belə bir bacısı olması ilə fəxr edir.

İlyas Əfəndiyevin «Söyüdlü arx» əsəri hələ «Azərbaycan» jurnalında çıxandan bəri mən müəllifin həmin əsərinin oxucular arasında geniş yayılmasının, necə deyərlər, təbliğatçısı olmuşam. Düzü ki, adam «Söyüdlü arx»ı oxuyarkən əsərdən özünü düşündürən suallara cavab tapa bilir.

Yaxşı yadımdadır, bir dəfə «Söyüdlü arx» haqqında mübahisə edirdik. Oxuculardan biri dedi:
– Nuriyyə əsil Azərbaycan qızıdır. Onun kimi qızla evlənən, xoşbəxtdir. Adam, onunla fəxr edə bilər.
Bəs «Körpüsalanlar»dakı Səriyyə?..
«Söyüdlü arx» əsəri, bu əsərdəki Nuriyyə məni özünə o qədər aludə etmişdi ki, İlyas Əfəndiyevin «Körpüsalanlar» əsəri qəzetdə çıxarkən hələ, mə nonu, necə deyərlər, acgözlüklə oxudum və belə hesab etdim ki, bu əsərdəki Səriyyə «Söyüdlü arx»dakı Nuriyyənin kiçik bacısıdır və onun yolu ilə gedəcəkdir, oxucu Nuriyyəyə xas olan məziyyətləri Səriyyədə də tapacaqdır.

Çox təəssüflə qeyd edim ki, Nuriyyə surətini yaradan bir yazıçının birdən-birə Səriyyə obrazını yaratması məni nəinki açmadı, hətta mən özlüyümdə bu surətin İlyas Əfəndiyev tərəfindən yaradıldığına qəzəbləndim də.

Axı, müəllif öz oxucularına nə üçün «Söyüdlü arx»dakı Nuriyyələrdən deyil, «Körpüsalanlar»dakı Səriyyədən örnək götürməyi təlqin etməyə çalışır?

Doğrudur, həyatda Səriyyələr, Adillər, Qəribcanlar vardır. Lakin yazıçı bizə Səriyyələrlə deyil, «Söyüdlü arx»dakı Nuriyyələrlə tərbiyə verməlidir.

Mən hələ evlənməmişəm, nə də ki, hələ kimsəni sevməmişəm. Oxuduğum hər bir bədii əsərdən isə özüm üçün lazım olan suallara cavablar axtarıram. Yeri gəlmişkən bunu deyim ki, başqaları ilə açıq olan qızlara böyük hörmətim var, lakin başqalarının üzünə gülən qızlardan heç cür xoşum gəlmir, ən çox da yarımçıq, süni gülüşlərlə gülənlərdən.

Mən «Körpüsalanlar»ı oxuyarkən (həm qəzetdə hissə-hissə çıxanda, həm də kitab halında çıxdıqdan sonra) Səriyyənin öz ərini evdə qoyub oğlanlarla tennis oynamağa getməsi, ərinin iradəsi əleyhinə hərəkətləri, ərinin razılığı olmadan ayı ovuna getməsi (əlbəttə, əsərin bu hissəsi məni heç cürə razı salmır), əri olmayan bir yerdə oğlanlarla şərab içməsi (axı, bu məclisdə ondan başqa qadın yoxdur), körpünün bünövrəsinə qoyulmuş şüşədə olan kağızı bir növ, özünün Qəribcanla olan nikah kağızı hesab etməsi bir gənc kimi məni əsəbiləşdirir, hövsələdən çıxarırdı. Məni maraqlandıran cəhət budur ki, yazıçının belə səhnələri nə üçün verdiyi məni nə qədər çox düşündürsə də, buna müəllifin nə məqsədlə haqq qazandırdığı mənə qaranlıq qalır.

Müəllif əsərinin əvvəlində Səriyyənin Adili pak məhəbbətlə sevdiyi göstərir. Lakin o, sonradan Qəribcana vurulur və müəllif Qəribcanla Səriyyənin birləşməsi səhnəsini verir. Maraqlıdır, axı, Səriyyənin sevgisi necə sevgidir? Deməli, bu gün Adili atıb gedən Səriyyə, sabah da Qəribcanı tərk edəcəkdir?!

Müəllif əsərinin sonunda Səriyyə ilə Qəribcanın əvvəlki iş yerinə qayıtmalarını da göstərmişdir. Bu hal, bir oxucu kimi məni qətiyyən inandırmır.

Mən belə düşünürdüm ki, Səriyyə Qəribcanı xəstəxanaya apararkən ona, əsil insani rəğbət bəsləyir, özünün əsil insani borcunu yerinə yetirir və Səriyyənin indiyədək etdiyi bütün hərəkətlər sona yetəcək və Səriyyə ilə Adilin ailə həyatı daha öz yoluna düşəcəkdir. Lakin əsərin sonunda mənim fikrim tamamilə alt-üst oldu. Əlbəttə, müəllif əsərinin sonunda Səriyyə ilə Adilin ailə həyatını öz yoluna salınmış halda versəydi, oxucu, Səriyyəyə bəraət qazandıra bilərdi.

Mən «Söyüdlü arx»dan sonra İlyas Əfəndiyevə bir növ pərəstiş edirdim. Ürək yanğısı ilə qeyd edim ki, müəllifin «Körpüsalanlar»ı belə bitirməsi bir oxucu kimi mənim qəlbimi ağrıtmışdır.

Bəzi oxucular Qəribcanı da, Səriyyəni də haqlı hesab edərək göstərirlər ki, əsil xoşbəxtlik, təkcə əri ilə dinc yaşamaqda deyildir.

Fikrimizcə, əsil xoşbəxtlik məhz əri ilə dinc yaşamaqdadır, lakin bu şərtlə ki, ərlə arvadın arasında qarşılıqlı hörmət və məhəbbət olsun, qadın, bir növ, öz ərinin qulluqçusuna çevrilməsin və onlar bir-birini yaxşı və düzgün başa düşsün, işdə və ailədə bir-birinin köməkçisi olsunlar.

Mənə elə gəlir ki, bəzi oxucuların Səriyyə surətinin əsərə gətirilməsinin gəncliyimizin istər əxlaqında, istərsə də gələcəyə baxışında müəyyən rolu olmasını göstərmələri düzgün deyildir. Axı, gənc qızlar Səriyyənin dolaşıq məhəbbətindən özləri üçün hansı əxlaqi keyfiyyəti seçə bilər və gələcəyə baxışlarında, Səriyyə onlara necə örnək ola bilər?!

Şübhəsiz ki, Səriyyə gənclərimizə örnək ola bilməz və oxucu, «Körpüsalanlar»ı oxuyarkən, Səriyyə obrazı, Azərbaycanın dönməz məhəbbəti qızlarını oxucunun gözləri önündə əsil səviyyəsindən aşağı salır.

Ümumiyyətlə götürdükdə, oxucuların əksəriyyəti, həm də böyük çoxluq təşkil edən əksəriyyəti, Səriyyənin hərəkətləri ilə razılaşmırlar. Əlbəttə, mən də bir oxucu kimi öz fikrimi dedim.

N. S. Xruşov yoldaş Sovet yazıçılarının üçüncü qurultayındakı nitqində demişdir: «Əgər bir kitab mənim və ya başqasının xoşuna gəlmirsə, bu, işin yarısıdır, çünki adamların zövqü və xasiyyəti müxtəlifdir. Lakin kitab haqqında oxucuların… fikri düz gəlirsə, bu, kitaba verilən qiymətdir».

Əlbəttə, Nikita Sergeyeviçin bu qiymətli sözləri İlyas Əfəndiyevin «Körpüsalanlar» əsərinə də aiddir.

Ümid edərdik ki, hörmətli yazıçımız İlyas Əfəndiyev yeni yazacağı əsərlərində yaradacağı Səriyyə obrazlarını öz şıltaqçı hərəkətlərindən çəkindirəcək, onları nümunəvi bir Sovet ailəsi kimi oxucunun gözündə yüksəldəcəkdir.

M. F. Axundov adına APDU-nun IV-kurs tələbəsi:
Əlimuxtar Ağayev.




Geri << 1 2 [3] 4 >> Növbəti səhifə

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az