«Söyüdlü arx» povestinin müəllifi
İlyas Əfəndiyev
yoldaşa
açıq məktub
Hörmətli İlyas Əfəndiyev yoldaş!
Mən Sizin
«Söyüdlü arx» povestinizi oxuyarkən ölməz sənətkar C. Cabarlının aşağıdakı
sözləri bir daha xəyalımda canlandı və mən bu sözlərdəki böyük həqiqətə heyran
qaldım:
«Dramaturqa tamsaşaçıların əsəbləri və hissləri ilə oynamaq lazım
gəlir, o, elə bir vəziyyət yaratmalıdır ki, tamaşaçının əsəbləri bir elektrik
düyməsi kimi onun barmaqları altında olsun. Tamaşaçının bütün duyğuları
dramaturqun sərəncamında olmalıdır».
Mübaliğəsiz deyim ki, «Söyüdlü arx»ı
mütaliə edərkən mənim də ……….bir elektrik düyməsi kimi sizin barmağınız altında
idi.
Mən heç zaman bədii əsəri iş xatirinə necə deyərlər, zorəntəbib
oxumağa çalışmamışam. Hətta, ali məktəbdə oxuyanda belə mən bədii əsəri imtahan
və qiymət almaq xatirinə oxumağa özümdə iradə toplaya bilməzdim. Əsər məni öz
pəncəsinə aldımı, oxuyardım, ala bilmədimi oxumazdım, yoldaşlarımdan birini
danışdırıb onunla da başımı savardım.
Qoy mənə kim necə ad verirsə
versin. Amma bu işdə mən özümü günahkar saymıram. Çünki bədii əsər (söhbət elmi
və publisist əsərdən getmir) özü-özünü oxutdurmalı, özü-özünü sevdirməlidir. Hər
hansı ikinci səbəb bədii əsəri zorla mütaliə etdirirsə, vay həmin əsərin
müəllifinin halına!
Sizin əsərinizi elə təzəcə oxuyub bitirmişdim ki,
Hüseyn Mehdi yoldaşın III qurultaydakı çıxışını aldım. Həmin çıxışında sevimli
yazıçımız Sizin əsəriniz haqqında dediyi sözlər lap ürəyimdən tikan
çıxartdı.
«…Müaisr kənd həyatından bəhs edən və bir-birinə həddindən çox
oxşayan romanlardan sonra, hadisə və insanlara yeni nəzərlə baxan, kolxozu və
kolxozçuları tamam yeni cəhətdən göstərən «Söyüdlü arx» povestinin yaranması
oxucunu sevindirir».
Bu sözləri deyərkən H. Mehdi yoldaş nə qədər də
düzgün hərəkət etmişdir.
Lakin onu da deyim ki, mən H. Mehdi yoldaşın
əsər haqqındakı aşağıdakı mülahizəsi ilə heç cürə razılaşa
bilmədim:
«…Biz istərdik ki, gözəl bir hiss və ehtirasla yazılmış, saf
qəlbli bir qadın və səntkar surəti kimi yaradılmış Nuriyyə ilə yanaşı, müasir
kəndimizin insanları da, həyat səhnələri də povestdə eyni qüvvətlə öz əksini
tapaydı».
Mənə elə gəlir əsərdəki başqa surətlər də lazımi kamilliyə
çatdırılmışdır. Povestdəki Nəriman kişi, Murad, Hümmət, Qərənfil, Səadət,
Nazxanım, İmi-Cimi və Qulu obrazları da öz səmimliyi, reallığı və canlılığı
etibarilə heç də Nuriyyədən geri qalmırlar. Axı, onlar Nuriyyə də deyillər!
Onlardan hər birinin öz adı, öz işi, öz səciyyəsi, əsərdə öz mövqeyi vardır.
Əsas Meer bundan ibarətdir: bunların hər biri oxucuya inandırıcı görünürmü?
Bəli, görünür. Adama elə gilir ki, bədii əsər oxumur, təsvir olunan hadisələrin
və adamların arasında yaşayır, bütün bunları öz gözlərinlə
görürsən!
Əsərdə, çoxlarının işıqla gəzdiyi və az qala əsiri olduğu
kəskin konflikt yoxdur. Bununla mən konfliktsizliyi təbliğ etmirəm, süni
konflikt yaratmağın əleyhinə çıxdığımı bildirirəm.
Düzdür, bizdə bəzi
rəhbər işçilər müəyyən məsələdə, başqa yoldaşlarla razılaşmır, inadkarlıq edir,
öz iradələrini zorla özgələrinə tabe etdirməyə çalışırlar. Blakin belə adamlar
çox keçmədən kollektivin səsinə qulaq asmağa, öz nöqsanlarını başa düşməyə
məcbur olurlar. Bizim sosialist cəmiyyətimizin böyüklüyü də elə
bundadır.
Amma elə yazıçılar da vardır ki, Muradla Nəriman kişinin
arasında baş verən fikir ixtilafı kimi bir hadisəyə rast gəlcək, ona min bir
bəzək vurub, gözəl bir «konflikt» yaradır, onları zorla bir-birinin üstünə
salışdırırvə nəticədə də həyat həqiqətini təhrif edərək bədii əsəri süni xammala
çevirirlər. Əsərin məziyyətlərindən biri də məhz elə bundadır ki, oradakı bütün
obrazlar bir sosialist ailəsinin ayrı-ayrı üzvləri kimi nəzərə çarpırlar.
Onların bəzilərinin nöqsanları da yox deyildir. Lakin digərləri bu nöqsanları
şişirdib düşmənçiliyə çıxarmır, qarışqadan fil düzəltmirlər. Əvvəllər Nəriman
kişi söyüdlü arxın Quzey qışlağa kimi uzadılmasına razı olmur. Lakin bu o demək
deyil ki, Nəriman kişi mənfi tip kimi döyülməli, əsər boyu ona yüz nöqsan
yamanmalıdır. Çox çəkmir ki, Nəriman kişi öz səhvini başa düşür və hətta kanalın
açılışı bayramında sevincdən ağlayır da.
Elə Səadətin qısqanclığını
götürək. Bu obrazı siz nə qədər dərindən düşünmüsünüz. Onun Nuriyyəyə sillə
vurması nə qədər də təbii görünür. Nuriyyə onu necə də gözəl başa düşür. Hələ bu
İmi-Cimi lep elə bil ki, mənim tanıdığım Hacıağa ilə Abbasağa
özləridir.
Əvvəllər adama elə gəlir ki, Sizin də Qulunuz, İmi-Ciminiz və
Səadətiniz çoxlarının etdiyi kimi, ancaq müsbət surətləri daha yaxşı nəzərə
çarpdırmağa xidmət edəcəkdir. Bu cəhətə alışan oxucu o saatca bölüşdürür: bax,
bu Qulu, İmi-Cimi və Səadət şübhəsiz ki, mənfi obrazlardır. Yəqin ki, Nəriman
kişi ilə Muradın və Hümmətin ixtilafı daha da kəskinləşəcək, əsərin sonuna yaxın
Nəriman kişi məğlub olacaqdır.
Amma sizin əsərdə hadisələrin axını bu
şablondan kənara çıxır və ürəyimizi iftixar hissi ilə doldurur! Hadisələr
inkişaf etdikcə Qulu, İmi-Cimi, Səadət və Nəriman kişi təkcə öz həmyerlilərini
deyil, bizim də dərin hüsn-rəğbətimizi qazanır və uzun müddət yadımızdan
çıxmırlar.
Doğrusu mən Nuriyyə obrazını təhlil etməyə özümdə qüvvə və
bacarıq tapa bilmirəm. Bu nədir? Leylimi? – Yox, o, Leyli kimi ağlamır! Əslimi –
Yox. Ona Əsli demək cinayətdir! Əsli Kərəmi öz oduna yandırdı, Nuriyyənin ürək
yanğısını isə özündən başqa heç kəs duyub, dərk edə bilmir, bu od heç kəsin,
hətta ona sillə vuran Səadətin də səadətinə xətər yetirmir! Nuriyyə sevir, o,
özünü saf və ləkəsiz sevgisiz ilə də fəxr edir! Nuriyyənin sevgisi nakam
qalmışdır, lakin o, bundan qəmlənmir, gecikmiş məhəbbəti üçün özünü məzəmmət
etmir. O, bilir ki, sevmək əsl insan üçün böyük nemətdir.
Hörmətli
sənətkar! Siz haqlı olaraq bu yerdə ölməz Füzulini Nuriyyənin yadına salırsınız.
Bəli, Füzuli məhz Nuriyyə kimilər üçün deyirdi ki:
Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan
etməsin hər kəs ki, qıymaz canına.
Nuriyyədə necə də geniş ürək və yenilməz iradə vardır. Bü qədər
qüvvətli və insanın varlığını sarsıdan məhəbbət qarşısında kim diz çökməz, hansı
qız Muradın – dərdindən xəzan görmüş yarpaq kimi saraldığı, hər axşam yuxuda
gördüyü bir adamın ömürlük səadət vəd edən bir məktubundan məst olub onun
ailəsinin pozulmasına razılıq verməzdi – yalnız Nuriyyə!
Mən Sizi əmin
edərim ki, bundan sonra yüzlərlə qızlar Nuriyyəni öz idealları sayacaq, onun
kimi sevməyə, onun kimi dözməyə, onun kimi düşünməyə, ailə xoşbəxtliyini və
bədbəxtliyini onun kimi qiymətləndirməyə çalışacaqlar! Bəli, Nuriyyə əsl
sənətkar qələmindən çıxmış, ölməz bir obraz kimi ürəklərdə yurd
salacaqdır!
Hələ heç sizin dilinizdəki axıcılıqdan, ifadələrinizdəki
canlılıqdan və lirikanızdakı yüksək pafosdan danışmıram. Sizin əsərinizin çox
yerləri Adama Füzuli lirikası, Səməd Vurğun rəcaətləri qədər xoş gəlir. Oxucu
istəyir ki, həmin yerləri şeir kimi əzbərləyib hər yerdə təkrar etsin. Siz hər
dəfə Nuriyyəni Söyüdlü arxın kənarına gəzməyə çıxaranda göy qurbağaları
quruldatmağı nə gözəl fikirləşmisiniz. Axı, bu qurultularsız nə Söyüdlü arx, nə
də bu arxın kənarında gəzən dalğın Nuriyyənin keçirdiyi ağır məhəbbət
iztirabları, nə də bu məsum gözəlin eşqinə şahid olan kənd adamları bu qədər
canlı çıxmazdı.
Hörmətli sənətkar! Təəssüf ki, bu gözəl sənət əsərini
sonna çatdırarkən, mən qeyri-ixtiyari olaraq yumruğumu stola çırpıb «heyf!» deyə
səsləndim. Bəli, mən heyfisləndim. Sanki birdən-birə təpəmdən qaynar su töküldü.
Elə bil ki, qanad açıb göyünlərin qatlarına qalxan bir qartalın qanadları
qırıldı, o gözlənilmədən yerə endi və daşlara dəyib sinəsindən
yaralandı.
Axı, onsuz da bizim yüzlərlə oğlan və qızlarımız 5 şəhərdə
təhsil alan kimi öz doğma kəndlərinə xor baxır, «qınından çıxıb qınını
bəyənmir», «su satan da olsalar» Bakıda qalmağa can atırlar. Bu meşşanlar Sizin
hərarətlə təsvir etdiyiniz yarpızlı çöllərə, böyrütikanlı yerlərə dodaq büzür,
kəndin tozundan və palçığından ağız dolusu şikayətlənirlər. Bu ona bənzəyir ki,
anna övlad bəsləyir, döşündən ona süd verir, boya-başa çatdırır, xoş arzularla
yaşayır, axırda övlad nankor çıxır və ananın bütün istəkləri gözündə
qalır.
Kənd də bizə çörək, su verir, bizim vasitəmizlə həkimli,
müəllimli, artistli və yazıçılı olmaq, gündən-günə abadlaşıb şəhərə bənzəmək
istəyir, biz isə onun qol-qanadını qırırıq.
Bir halda ki, belədir, bəs nə
üçün Siz də bu cür meşşanlara dağ çəkən və onları utandıran Nuriyyəni axırda
yenə şəhərə qaytarırsınız? Qoy Nuriyyə sizin dediyinizdən də istedadlı olsun,
lap Gültəkin rolunu onun kimi ifa edən bir artist tapılmasın, məgər bu bir
adama, bir nazirə haqq verirmi ki, onu gözəl işindən, Güneylidən ayırıb şəhərə
qaytarsın?! Nə üçün Nüriyyə əməkdar artist adını elə Güneylidə almasın? Məgər
onun Söyüdlü arxı qazanlar üçün verdiyi konsert Dram Teatrındakı xidmətindən az
əhəmiyyətə malikdirmi? Əsla yox! Nuriyyə özü yaxşı fikirnləşir:
«Məgər mən burada da öz vətəndaşlarıma xidmət etmirəmmi?
Məgər mənim az-çox olan qabiliyyətim burada xalq işinə sərf olunmurmu? Üstəlik,
axı, mən bu adamları sevirəm».
Necə olur ki, belə sağlam düşüncəli Nuriyyə şəhərə qayıtmağa,
özünün kənddə başladığı böyük işdən əl çəkməyə razı olur? Necə olur ki, Hümmət
kimi ağıllı və hərtərəfli düşünən bir gənc də şəhər qayıtmağı Nuriyyəyə məsləhət
görür.
Axı, Siz nə üçün Nuriyyəni Hümmətlə evləndirib, hər ikisini
xoşbəxt eləmir, onu gətirib şəhərdə özündən 18 yaş böyük olan bir mühəndisə ərə
verirsiniz? Axı, Hümmət də Nuriyyəyə layiq oğlan və işçidir. Nuriyyə özü də onu
az xoşlamır, bir sözlə, onlar bir-birinə yaraşırlar. Siz bütün əsər boyu Hümməti
Nuriyyənin nakam məhəbbətdən yaralanmış məlhəm qoya biləcək bir həkim kimi
yetişdirir, nəticədə isə onu da nakam qoyursunuz. Axı, bu həm öz qəhrəmanınız,
həm də oxucunuz haqqında
i n s a f s ı z l ı q d ı r!
Nə etməli, sənətkar sizsiniz! Yəqin ki, sizin ürəyiniz və sənət
eşqiniz belə hökm edibdir. Lakin «Söyüdlü arx»ı mən çəksəydim Nuriyyəni Hümmətə
qovuşdurub, onların hər ikisini ürəkdən güldürər, Güneylidə Dram Teatrı yaradar,
nəinki Nuriyyə xanıma İmi-Cimiyə də, Nazxanıma da əməkdar artist adını Söyüdlü
arxın birləşdirdiyi Güneyli və Quzeyli qışlaqlarının səfalı qoynunda
verərdirərdim! Kaş ki, əsəri yenidən işlərkən siz də belə edəydiniz!
Hörmətlə: Puşkin rayonundakı Novo-Qroitski kənd 7-illik
məktəbinin dil-ədəbiyyat müəllimi Həsən Əmirov.