| |
|
İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.
|
|
| |
|
©
Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.
|
|
Bədii nəsrinin uğurları İlk addımlar. Hekayələrdə epik və lirik
səhnələr
İlyas Əfəndiyevin ədəbiyyata gəldiyi 30-cu illərin axırları
Azərbaycan nəsrinin mövzu və bədii sənətkarlıq cəhətdən sürətlə inkişaf etdiyi
bir dövr idi. İnqilabi hadisələrin təsviri, yeni kəndin dirçəlişi, qadın
azadlığı, ailə-məişət problemləri və s. mövzular bu illərdə yaranan nəsr
əsərlərinin əsas mövzusunu təşkil edirdi. 30-cu illərdə Əbülhəsən, M.Hüseyn,
S.Rəhimov, Ə.Vəliyev, S.Rəhman, Mir Cəlal, Ə.Məmmədxanlı və b. ədiblərin bu
mövzularda qələmə aldıqları hekayə, povest və romanları Azərbaycan ədəbiyyatının
ciddi uğurları hesab olunurdu.
Azərbaycan hekayəsi daha sür‘ətlə inkişaf
edirdi. Özünün forma və məzmun rəngarəngliyi ilə nəzəri cəlb edən bu janrda,
real həyat lövhələrini, cəmiyyətdəki yenilikləri, insan psixologiyasındakı
dəyişilikləri təsvir edən hekayələrlə bərabər, satirik, yumoristik, romantik və
lirik əsərlərin bir sıra gözəl nümunələri də meydana gəlirdi.
Bu illərdə,
bir tərəfdən, təzəcə yazıb yaratmağa başlayan yeni nəslin nümayəndələri, digər
tərəfdən, hələ inqilabdan əvvəl nəsrimizi inkişaf etdirmiş C.Məmmədquluzadə,
Ə.B.Haqverdiyev, S.S.Axundov, A.Şaiq kimi sənətkarlar ədəbiyyatımızı
zənginləşdirirdilər. Azərbaycan şifahi xalq ədəbiyyatından, klassik və müasir
yazıçıların yaradıcılığından bəhrələnərək hekayələr yazmağa başlayan İ.Əfəndiyev
də tezliklə ədəbiyyatın ümumi axarına qoşulur və çox keçmir ki, onun fəal
xadimlərindən birinə çevrilir.
İ.Əfəndiyevin bir yazıçı kimi fəaliyyətə
başladığı bu dövrdə ədəbiyyat siyasi və ideoloji mübarizənin qızğın döyüş
meydanı hesab edilirdi. Yazıçı ilk növbədə «sənətkarlıq» imtahanından daha əvvəl
«siyasi və ideoloji» sınaqdan çıxmalı idi, sosialist realizmi metodu
çərçivəsindən kənarda yazıçı söz deyə bilməzdi.
Yalnız bircə dəfə
qəzetdə dərc olunmuş və sonralar ədibin heç bir kitabına daxil edilməmiş,
yazıçının öz sağlığında belə yaddan çıxaraq unudulan «Berlində bir gecə»
hekayəsində İ.Əfəndiyev iki gəncin bir-birinə bəslədikləri zərif, insani
münasibətin lirik təsvirini vermiş və beləliklə də 50 -60-cı illərdə böyük
müvəffəqiyyətlə davam etdirdiyi lirik hekayə yaratmaq yollarında ilk uğurlu
addımını atmışdır. «Gənc Verter gecədən xeyli keçmiş Berlinin ən pis
küçələrindən birində olan balaca otağına daxil oldu. Nəşəli idi. Bu gecə
həyatında birinci dəfə idi ki, sevgili görüşündən gəlirdi. Könlü bu ilk sevginin
şirin həyəcanları ilə dolu idi. Hər şeyi unutmuşdu. Gözləri qarşısında ancaq üç
gün bundan əvvəl tanış olduğu o utancaq, xoş baxışlı qızın xəyalı
gülümsəyirdi... Ah həyat nə gözəl imiş... İndiyə qədər dünyada belə xoş
duyğuların varlığından xəbərsiz olduğuna heyrət edirdi».
Misal
gətirdiyimiz bu parça İ.Əfəndiyevin oxucularla birinci ünsiyyəti-ilk mətbu
hekayəsi olan «Berlində bir gecə» əsərinin əvvəlindən götürülmüşdür. Hekayə
qələmə alınarkən yazıçının 24 yaşı vardı. Maraqlı cəhət odur ki, yazıçının ilk
hekayəsinin qəhrəmanı Verter də 24 yaşındadır.
Maraqlı və oxunaqlı süjet
xəttinə malik olan hekayədəki hadisələr Berlində cərəyan edir. Həyatın hər üzünü
görmüş, onun ağrı-acısını dadmış, gənc ikən saç-saqqalı ağarmış, üz-gözü
qırış-qırış olmuş, səadətilə bərabər sağlığını da itirmiş bu gənc «öz komasında
oturub bənövşələrin rayihəsi qədər xəfif və sevimli» xəyallara dalır, sevdiyi
qızın görüşündən aldığı şirin təəssüratla yaşayır. Yazıçı əsərin qəhrəmanı ilə
oxucunu tanış edir, «Gələcəyin Nyutonu, bəlkə də Şekspiri olacaq» bu istedadlı
gəncin həyat tarixçəsini səhifələyir. Məlum olur ki, Verter 4-5 yaşlarında
olarkən atası müharibə cəbhələrində həlak olmuş, bu xəbəri eşidən ana faciəyə
tab gətirməyib «mum kimi əriyib» ölmüşdür. Yetim qalmış Verter Berlinin
küçələrində səfil günlər keçirir, gündüzlər küçədə ağaların çəkmələrinin tozunu
təmizləyir, bir tikə çörək qazanır, gecələr isə darülfununda oxuyub təhsil alır.
Amma zaman onun arzularını puç etmişdir. O, həyatın ağır yükünü daşıya bilmir,
özünü qatarın altına atmaq, çayda boğub öldürmək istəyir. Lakin sevgilisinin
görüşünə gedəcəyini yada salır. İntihar etmək fikrindən əl
çəkir...
Yazıçı əsərin qəhrəmanı ilə oxucuları tanış etdikdən sonra,
Verterin daxili aləmi, onun keçirdiyi hiss və həyəcanlarını qələmə alır, həyatın
hər cür əziyyətlərinə qalib gələn məhəbbətin gücünü təsvir edir. Gənclər
gələcəyə ümid bəsləyir, görüşürlər. Görüş zamanı qız həyatdan usanmış Verterdən
soruşur: «Sənə nə olub, nə üçün rəngin ağarıb? Verter suala birdən-birə cavab
verə bilmir, gülümsəmək istəyir, lakin təbəssüm əvəzinə gözləri yaşarır.
Sevgilisinin saçlarını öpərək - «mən tamam sağlamam» - cavabını verir. Belə bir
sonluqla bitən hekayənin əsas ideyası ondan ibarətdir ki, məhəbbət, həyat
sevgisi, yaşamaq eşqi dünyada hər şeydən qüvvətlidir. O, ölümə belə qalib
gəlməyə qadirdir. Özünü öldürmək istəyən Verterin «Ah, həyat nə gözəl imiş»
nəticəsinə gəlməsi əsərin əsas qayəsini təşkil edir.
Oxucunu belə bir
məsələ maraqlandırır ki, görəsən nə üçün Azərbaycan kəndini yaxşı bilən
İ.Əfəndiyev birinci hekayəsinin mövzusunu Azərbaycanın həyatından deyil,
faşizmin qol-qanad açdığı Almaniyadan götürmüşdür?
Heç şübhəsiz ki,
mövzusu real həyat hadisələrindən alınmış həmin hekayədə təsvir edilən hadisə
«xoşbəxt sovet həyatı» üçün «xarakterik» deyildi və yəqin ki, bu səbəbdən də
yazıçı qələmə aldığı hadisələriin coğrafi məkanını dəyişərək kapitalist aləmi
üçün xarakterik olan Almaniyaya köçürmüşdü.. Digər tərəfdən, kapitalist
cəmiyyətinin ifşa edilməsi həmin illərdə sovet ədəbiyyatının aparıcı
mövzularından biri idi. Hitlerin hakimiyyət başına keçməsi ilə əlaqədar olaraq
dünya xalqlarının gələcək taleyi məsələsi bir sıra xarici ölkə yazıçılarını, o
cümlədən Azərbaycan ədiblərini də maraqlandırırdı : Faşizm taununa və beynəlxalq
irticaya qarşı mübarizə mövzusu həmin illərdə Azərbaycan ədəbiyyatında da öz
əksini tapmışdır. Görünür gənc İ.Əfəndiyev də bu dövrdə Azərbaycan yazıçılarının
qələmə aldıqları «Rot-Front», «Ölüm kürsüsü», «Madrid», «İntiqam», «Cəlladları
durdur», «And» və bu mövzuda yazılmış başqa əsərlərlə tanış idi və bu mövzunu
uğurla davam etdirmişdir.
Azərbaycan yazıçılarının bu illərdə dərc
etdirdikləri həmin əsərlərdə, 30-cu illərdə Almaniyada baş verən bir sıra
ictimai-siyasi hadisələr, faşizmin bütün dünya xalqları üçün dəhşətli və qorxulu
bir hadisə, bəşər mədəniyyətinin qəddar düşməni olduğu göstərilmək və ifşa
edilməklə bərabər, namuslu, zəhmətkeş alman xalqının yüksək mədəniyyəti,
istedadlı övladları ehtiramla yad edilmiş, Hitlerin yalnız «ikinci dərəcəli»
xalqlar üçün deyil, «ali silkə» mənsub olan almanların özləri üçün də bir bəla
olduğu göstərilmişdir.
[1] 2 3 4 5>> Növbəti səhifə |
 Ünvan: Bakı, AZ 1007 972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə |
| Tel.: (+994 12) 437 89 08 |
| Fax: (+994 12) 449 54 41 |
| E-mail: info@ilyasafandiyev.az |
|