-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Tədbirlər

Görkəmli yazıçı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans

Görkəmli yazıçı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının iclas salonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş elmi konfrans keçirilmişdir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və İ.Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun keçirdiyi konfransı institutun direktoru, akademik Bəkir Nəbiyev giriş sözü ilə açmışdır.

Sonra sənətşünaslıq doktoru Məryəm Əlizadənin “Azərbaycan teatrında İlyas Əfəndiyev fenomeni və zaman”, filologiya elmləri doktoru Məhərrəm Qasımlının “İlyas Əfəndiyev yaradıcılığında folklor”, filologiya elmləri namizədi Şirindil Alışanlının “XX əsr Azərbaycan ədəbi fikrinin inkişafında İlyas Əfəndiyevin yeri”, filologiya elmləri namizədi Vəfa Xanoğlanın “İlyas Əfəndiyevin ədəbi-tənqidi görüşləri”, filologiya elmləri namizədi Asif Rüstəmlinin “İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun fəaliyyyəti və perspektivləri” mövzularında məruzələri dinlənilmiş, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, xalq artisti Amaliya Pənahova çıxış etmişlər.

Məruzə və çıxışlarda vurğulanmışdır ki, İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır. XX əsrin 50-60-cı illərindən etibarən həyatda baş verən dəyişiklikləri ilkin duyan, yeni insanı, onun mürəkkəb daxili aləmini, sevinc və qayğılarını, kədər və faciələrini özünəməxsus bir şəkildə əks etdirən yazıçılar arasında İ.Əfəndiyevin xüsusi yeri olduğunu vurğulayan natiqlər bildirmişlər ki, sovet dövründə vulqar sosiologizm təzahürləri bədii ədəbiyyatda diqqəti insan mənəviyyatının dərin psixoloji təhlilindən müəyyən qədər uzaqlaşdırmışdı. Bu zaman İ.Əfəndiyevin hekayə, povest, roman və pyesləri ilə Azərbaycan ədəbiyyatına əsil həyati konfliktlər əsasında yaradılmış qəhrəmanların, təmiz ürəkli, prinsipial və mərd adamların yeni bədii surətləri gəldi. Ümummilli liderimiz Heydər Əliyev böyük sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edərkən demişdi: “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar yaradıcı əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. Yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”. Ədəbiyyata 1939-cu ildə “Kənddən məktublar” adlı hekayələr kitabı ilə gəlmiş sənətkar dramaturgiyamızın tarixində ən şərəfli yerlərdən birini tutur. Bununla belə, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdı. Onun yazıldığı dövrün gerçəkliyini, həyatın geniş lövhələrini əks etdirən “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı” kimi romanlarının qəhrəmanları yaşından, təcrübəsindən, ixtisasından asılı olmayaraq, ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Bu xüsusiyyətlər keçmiş həyatımızın, tariximizin ən tipik lövhələrini əks etdirən “Üçatılan”, “Geriyə baxma, qoca!” romanları üçün xüsusilə səciyyəvidir. Onun yaradıcılığında Qarabağ mövzusu da əsas yer tuturdu. Görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin dediyi kimi, ədəbiyyat tariximizdə 7 “Qarabağnamə” mövcuddur, 8-ci “Qarabağnamə” isə İlyas Əfəndiyevin əsərləridir. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə yaşayırdı. İlyas Əfəndiyevin həm nəsr, həm də dram əsərlərinin şirin dillə yazıldığı, ilk təsvirlərdən və dialoqlardan oxucu və tamaşaçının qəlbini fəth etməsi də xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, hələ ilk əsərlərindən olan “Bahar suları” pyesinin dilindəki şeiriyyət xalq şairi Səməd Vurğun tərəfindən yüksək qiymətləndirilmişdi. Bu keyfiyyət zaman keçdikcə ədibin fərdi üslubunu müəyyənləşdirən amillərdən birinə çevrilmişdir. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə həyati konfliktlər, canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi “İlyas Əfəndiyev teatrı”nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuş, hətta, bəzilərinin 450, 700, 1000-ci tamaşaları göstərilmişdir. 19 ildən bəri teatr bütün mövsümlərini “Hökmdar və qızı” tamaşası ilə açır. Ədibin oğlu, xalq yazıçısı Elçin çıxışında ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə ədibin “Seçilmiş əsərləri”nin, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3 cildliyinin nəşr edildiyini minnətdarlıq hissi ilə vurğulamış, əsərlərinin son illər rus, türk və digər dillərdə dəfələrlə çap olunduğunu, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazıldığını xatırlatmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, “Hökmdar və qızı” pyesi əsasında ikiseriyalı bədii filmin çəkilişi yaxın vaxtlarda başa çatacaqdır. Sonra konfrans iştirakçıları Fəxri Xiyabana gələrək, İlyas Əfəndiyevin xatirəsini anmış, məzarı üstünə təzə-tər güllər düzmüşlər.


03.10.2006 | 

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az