-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Tədbirlər

DAHİ YAPON REJİSSORU AKİRA KUROSAVANIN HƏYAT VƏ YARADICILIĞINA HƏSR OLUNMUŞ BƏDİİ GECƏ

Dahi yapon rejissoru Akira Kurosavanın həyat və yaradıcılığına həsr olunmuş bədii gecə
“TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzinin əsas məqsədi Yaponiyanı, onun mədəniyyətini, incəsənətini, ictimai, elm, sənət adamlarını Azərbaycana tanıtmaq və əksinə Azərbaycan mədəniyyətini, incəsənətini və tarixini Yaponiyaya olduğu kimi çatdırmaqdır.

7 aprel 2007-ci il tarixdə İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunun “TOMODAÇİ” Yapon Mədəniyyəti Mərkəzi Müasir İncəsənət Mərkəzində böyük şəxsiyyət, dünyaşöhrətli yapon rejissoru, prodüser və ssenaristi Akira Kurosavanın həyat və daha çox onun yaradıcılığına həsr olunmuş bədii gecə təşkil etmişdir. Tədbirə dəvət olunan görkəmli sənətkarlar, ictimai, elm və mədəniyyət xadimləri, xarici vətəndaşlar tədbiri çox həssaslıqla qarşıladı və bu cür tədbirlərin davamlı olması üçün əllərindən gələni edəcəklərini bildirdilər.

Tədbiri açan mərkəzin direktoru Əbülfəz Babazadə qonaqları salamladıqdan sonra Akira Kurosava haqqında ətraflı məlumat verdi. O, vurğuladı ki, Akira Kurosavanın yaradıcılığı azərbaycanlılara yad deyil, - hələ Sovet dövründə onun bir çox filmini izləmiş, xoş xatirə kimi həmişə yadlarında saxlamışlar. Ə. Babazadə qeyd etmişdir ki, Akira Kurosava 23 mart 1910-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Hələ məktəbli ikən Kurosava kendo döyüş sənəti və rəssamlıqla maraqlanmağa başlamışdır. Hətta rəssam olmaq məqsədilə «Doşuşa» Qərb rəssamlığı məktəbini bitirmiş, bir müddət Yaponiyanın İncəsənət Akademiyasında təhsil almışdır. Bu sahədə onun ən böyük nailiyyəti «Seybutsu» (“Canlı məxluq”) rəsm əsəridir. Bu əsər 1928-ci ildə keçirilən “Nika Exhibition” sərgisində nümayiş etdirilmişdir. Lakin geniş imkanlara və fitri istedada malik Kurosava özünü kino sahəsində də sınamaq istəmişdir. Buna görə 1930-cu ildə, 20 yaşlı Kurosava “TOHO STUDİOS” kimi tanınan “Photo Chemical Laboratories” nüfuzlu yapon kinoşirkətində rejissor Kaciro Yamamotonun assistenti vəzifəsində çalışmağa başlamış və demək olar ki, məhz burada rejissor kimi püxtələşmişdir.

Görkəmli yapon rejissoru, prodüser və ssenaristi Akira Kurosava dünya kinematoqrafında xüsusi yerlərdən birini tutur. Ssenarist kimi fəaliyyətə 1935-ci ildə başlamışdır. İlk filmini 1943-cü ildə çəkən Kurosava 30-dan artıq filmin ssenaristi olmuşdur. Yaradıcılığının mərkəzində insan, onun həyatı, taleyi, daxili aləmi, psixoloji durumu, əxlaqı, vicdanı, sevgi, məhəbbət, qısqanclıq və satqınlığı və bütövlüklə insan faktoru dayanır.

Bu heç də təsadüfi deyil. Özünün ilk müəllimi hesab etdiyi və kinoteatrlarda benşi yəni kino kommentator işləyən böyük qardaşı Xeyqo Kurosavanın xanımı ilə birgə özlərinə ikiqat sui-qəsd etməsi faktı Akiranı həyat boyu izləmiş və yaradıcılığına böyük təsir göstərmişdir.

O, həm tarixi, həm də öz dövrünün müasir mövzularına müraciət etmişdir. Kurosava yaradıcılığının bir xüsusiyyəti də onun xarici yazıçıların əsərlərinə müraciət etməsidir.

Akira Kurosavanın «Suqata Sanşiro» yəni «Cüdo haqqında əfsanə» (1943), «İçiban utsukuşiku» yəni «Ən gözəl insanlar» (1944), «Yoidore tenshi» yəni «Sərxoş mələk» (1948), «Pələng izi ilə gedənlər» (1945), «Gəncliyim barədə heyfsilənmirəm» (1946), «Yurdsuz köpək» (1949), «Yaşamaq» (1952), «Yeddi samuray» (1954), «Canlının məktubları» (1955), «Qəddarlar rahat yatır» (1960), «Qırmızı saqqal» (1964), «Dodeskaden» yəni «Tramvay çarxlarının taqqıltısı altında» (1970) kimi filmləri ona dünya şöhrəti qazandırmışdır.

Dostoyevskinin «Səfeh» (1951), V. Şekspirin «Makbet» və «Kral Lir» faciələri əsasında «Qanlı taxt» (1957) və «Ran» (1985), M. Qorkinin «Həyatın dibində» (1957), E. Mak-Beynin «Cənnət və cəhənnəm» (1963), V. K. Arsenyevin «Dersu Uzala» (1975) kimi əsərlər əsasında filmlər çəkmişdir.

«Kagyomuşa» yəni «Əsgərin kölgəsi» (1980) və «Ran» yəni «İğtişaş» (1985) kimi filmlər Kurosavanın samuray epopeyaları idisə, onun sonrakı əsərləri «Yume» yəni «Yuxular» (1990) və «Hachi-gatsu no kyoşikyoku» yəni «Avqust rapsodiyası» (1991) kimi filmlər daha çox Kurosavanın şəxsi həyatı və daxili aləmi ilə bağlıdır.

1950-ci ildə dahi yapon yazıçısı Akutaqava Rünoskenin “Raşomon qapıları” və “Meşədə” əsərləri əsasında çəkdiyi və Bakı tamaşaçısı üçün heç də yad olmayan Toşiro Mifune və Takeşi Şimura kimi aktyorların çəkildiyi «Raşomon» filmi 1951-ci ildə Venesiyada Beynəlxalq Kinofestivalın «Qran-Pri» Mükafatı olan «Qızıl Aslan», daha sonra IV və VII Beynəlxalq Kinofestivalların Mükafatlarına layiq görülmüşdür. Həmin 1951-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə Amerikanın Kino Sənəti Akademiyasının “Oskar” xüsusi mükafatına layiq görülmüşdür. Maraqlıdır ki, Kurosavanın bu şedevri əsasında 1964-cü ildə “İstehza” Hollivud filmi çəkilmişdir.

“Ulduz savaşları” filminin müəllifi Corc Lukas etiraf edirdi ki, 1977-ci ildə öz filmini yaradarkən Kurosavanın hələ 1958-ci ildə çəkdiyi “Kakushi toride no san akunin” “Gizli qaladakı üç yaramaz” filminin süjetlərindən istifadə etmişdir.

Kurosavanın filmləri qərb kinosuna, ələlxüsus da Amerikanın vestern janrına çox böyük təsir göstərmişdir. Məsələn, bir çox Hollivud ulduzlarının çəkildiyi “Parlaq yeddilik” Amerika filmi, Kurosavanın “Yeddi samuray” filminin yeni işlənməsidir. Serco Leonenin Klin İstvudla birgə yaratdığı ilk italyan vesterni “Bir ovuc dollar hesabına” filmi nəinki Kurosavanın “Yocinbo” yəni “Cangüdən” (1961) filmi əsasında çəkilmişdir, hətta arabir kadrlar bir-birini oradakı kimi əvəz edir. Böyük tənəzzül dövrü və qanqsterlərdən bəhs edən 90-cı illərin Amerika və Avropa filmləri vizual təsir, strukturu və mövzuya görə məhz Kurosava yaradıcılığına borcludur. 1990-cı ildə Akira Kurosava Dünya Kino Sənəti sahəsində xidmətlərinə görə fəxri “Oskar” mükafatına layiq görülmüşdür. 1993-cü ildə Akira Kurosava “Madadayo” yəni “Hələ yox” özünün sonuncu filmini çəkmişdir. 1998-ci ilin 6 sentyabrında Akira Kurosava əbədiliyə qovuşaraq, bizlərə Şərq və Qərb ənənələrini yaxınlaşdıran unikal kinematoqrafiya irsi qoyub getmişdir.

Daha sonra respublikanın xalq artisti, kinoşünas Həmidə xanım Ömərova çıxış edərək Kurosava yaradıcılığının incəlikləri və özünəməxsusluğu haqqında bəhs etdi. Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçən tədbir, Akira Kurosavanın “RAŞOMON” filminin nümayişi ilə sona çatdı.


10.04.2007 | 

Geri 

Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az