-cı il
 

 

İlyas Əfəndiyev ən dərin hisslər ilə Azərbaycana, Azərbaycanın içində - Qarabağa, Qarabağın içində isə - Füzuliyə, öz nəsl-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı, adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

 

 

 
HƏYATI
YARADICILIĞI
ƏSƏRLƏRİ
TEATR VƏ KİNO
MÜKAFATLAR
TƏBRİKLƏR
XATİRƏLƏR
MƏTBUAT
OXUCU MƏKTUBLARI
FOTOALBOM


© Bütün hüquqlar qorunur. Səhifə İlyas Əfəndiyev adına Ədəbi - Bədii Xeyriyyə Fondunun sifarişi ilə yaradılmışdır. Məlumatlardan istifadə edərkən internet səhifəmizə istinad etməyiniz xahiş olunur.

Uşaqliq və gənclik illəri
Uşaqliq və gənclik illəri

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri «xalq düşməni» kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, «səs hüququndan» məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: «Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar».

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll edirdi.

Qarabağın aran rayonlarında yaşayan yüzlərlə başqa ailə kimi Məhəmməd kişi də ailəsi ilə bərabər yay aylarında yaylağa – Şuşaya köçərmiş. İlyasın uşaqlıq illərinin müəyyən hissəsi Şuşada keçdiyindəndir ki, yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutur.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək «səksən yaşlı qocaya dönmüş» Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də «dil tapa» bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi.

İ.Əfəndiyev anası haqqında yazmışdır: «Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çox sevirdi. Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi «Ərmənusə», «İngilis xanımı», «Hind racəsi», «Rüstəm və Zöhrab», «Əlif Leyla» və sairə kitablar indi də yadımdadır. Füzulinin «Leyli və Məcnun» əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən də baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi gedərdi. Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə oyanmışdır».

Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə təsir etmiş, onun sonralar bir yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu haqda yazmışdır: «...bunları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha artıq xoş gəlirdi... O aləm daha şirin, daha cazibədar görünürdü».

İ.Əfəndiyevə «xoş gələn» bu sirli aləm sonralar onu öz qoynuna alır, nənəsi və anasının danışdıqları və cib dəftərlərinə qeyd olunan «maraqlı əhvalatlar» bir sıra bədii əsərlərin fabulasına çevrilir. Məsələn, Fatma nənənin danışdığı: «Quşların dilini bilən Süleyman padşah bütün quşlara əmr edir ki, hər biriniz mənə dünyanın ən gözəl quş balasını tapıb gətirin! Qarğa çox axtarır, onlarla quş balasına baxır, axırda özünün eybəcər balasını dimdiyinə alıb aparır və Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan gözəl quş balası tapmadım» – əhvalatı «Sağsağan» hekayəsində qələmə alınmışdır – âÿ yaxud, məzmunu «Kitabi-Dədə Qorqud»dan gələn, xalqımızın yadelli işğalçılara qarşı mübarizəsindən söhbət açan digər bir əfsanə «Qarı dağı» hekayəsi üçün əsas olmuşdur. Yazıçının 1991-ci ildə qələmə aldığı «Vəzir Allahverdi xan və Bəhlul Danəndə» hekayəsindəki əhvalat da anasının danışdığı rəvayətlərdən götürülmüşdür.

İ.Əfəndiyevin uşaqlıq və gənclik illəri bir tərəfdən belə əfsanəli və rəvayətli mühitdə keçmişdisə, digər tərəfdən bolşevik qaragüruhunun və kommunist ideologiyasının ən qatı dövrünə təsadüf etmişdir. Bütün varlılar kimi Əfəndiyevlər ailəsi də dövrün ədalətsizlikləri ilə qarşılaşmışdır. Bunlar isə İlyasın qəlbində dərin iz salmışdır. Yəqin ki, onun ədəbi qəhrəmanlarındakı, elə yazıçının öz xarakterindəki kommunist və sovet rejiminə qarşı narazılıq, zamanın tələbləri ilə barışmamaq meyli elə buradan əmələ gəlmişdir.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinèfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ.Əfəndiyev yazır: «Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum».

Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə qalxmış onlarla sənətkarların həyatı və yaradıcılıq təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər həlledici rol oynamışdır. «Sənətkarı əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının formalaşma və inkişaf prosesini doğru-düzgün mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir».

Əlbəttə, İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl, ailə tərbiyəsinin, ata-ana ocağının çox mühüm təsiri olmuşdur. Lakin bu, həlledici səbəb olsa da yeganə amil deyildi. Yazıçının formalaşıb yetkinləşməsində, bir sənətkar kimi püxtələşməsində başqa amillər də olmuşdur ki, bunlardan oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə izlədiyi və maraqla mütaliə etdiyi «Qızıl Araz» adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı, ali təhsil aldığı institut həyatı, işlədiyi «Yeni yol», «Kommunist» və «Ədəbiyyat qəzeti» redaksiyaları və ən nəhayət Bakı ədəbi mühiti, Yazıçılar İttifaqı... çox böyük təsir göstərmişdir. Düzdür, bu amillərin yazıçıya biri az, biri çox təsir etmişdir, lakin onların heç biri təsirsiz qalmamışdır.

İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı ailədən və orta məktəbdən keçmişdir. Bu insan həyatının elə bir anıdır ki, yeniyetmə gənc konkret və müstəqil biliyə yiyələnməyə, ətrafda baş verən hadisələri dərk etməyə, mütaliəyə maraq göstərməyə, əqli və zehni qabiliyyətini inkişaf etdirməyə başlayır. Bu yolun uğurlu başlanğıcından çox şey asılıdır. Ailədəki tərbiyə üsulları, oradakı ab-hava, qarşılıqlı münasibətlər çox şeydən xəbər verir. İnsan həyat yollarında ilk sınaqlarla burada rastlaşır. İlyasın boya-başa çatdığı ailənin üzvləri də halal zəhmətlə yaşamış, minnətsiz çörək yeyərək övladlarını da bu ruhda tərbiyə etmişlər.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.

Bu illərdə Qaryagində «Qızıl Araz» adlı qəzet dərc edilirdi. Müxtəlif illərdə Heydər Heydərov, Bala Bağırov, Səməd Əliyev və başqalarının redaktor oläuqları qəzet öz səhifələrində günün ictimai-siyasi hadisələri, təsərrüfatın aktual məsələləri haqqında materiallar dərc etməklə bərabər, ədəbiyyat və mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırırdı. İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin səhifələrində ədəbiyyat müəllimləri Nemət Hüseynov, N.Kazımovun maraqlı yazıları, gənc şair Nəcəf Quliyevin şeirləri, rayonun qabaqcıl ziyalılarından Məmməd Sadıqovun, Savalan Zülfüqarovun, A.Manaflının və başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların heç biri nəinki İlyasın nəzərindən yayınmır və təsirsiz qalmırdı, hətta gənc müəllimin dünyagörüşünün formalaşmasına öz təsirini göstərirdi. Səhifələrində tez-tez maraqlı yazılar dərc edən «Qızıl Araz» qəzeti M.F.Axundov, M.Y.Lermontov, A.S.Puşkin, T.Q.Şevçenko və başqa klassik yazıçıların yubileylərilə əlaqədar xüsusi səhifələr, ayrı-ayrı nömrələr buraxırdı. Uşaqların təlim və tərbiyəsi, gənclərin məktəbdən yayınması, azyaşlı qızların zorla ərə verilməsi və qaçırılması, məktəblərin və uşaq bağçalarının vəziyyəti, orada təşkil edilmiş dərnəklərin fəaliyyəti və s. məsələlər qəzetin səhifələrindən düşmürdü. «Gənc şairimiz» adlı məqalədə mətbuat günü münasibətilə redaksiya tərəfindən pulla mükafatlandırılmış gənc şair Nəcəf Quliyevin yaradıcılığından bəhs olunur, «Dövlət teatrında» adlı məqalədə ordenli xalq artisti Hüseynqulu Sarabskinin seçicilərlə görüşündən söhbət açılır, məktəb həyatını işıqlandıran başqa bir məqalədə göstərilir ki, rayonun məktəblərində təşkil edilmiş coğrafiya, təbiyyət, fizika, riyaziyyat və s. dərnəklər yüksək səviyyədə keçirilir, elmi məşğələlər aparılır və bütün bunlar şagirdlərə əlavə bilik və məlumat verir. Qeyd edək ki, orta məktəbdə oxuyarkən həmin dərnəklərdə fəal iştirak etmiş İlyas Əfəndiyev, müəllim olduqdan sonra da onlardan uzaqlaşmamış, dərnəklərin birinə rəhbərlik etmişdir.

Fəaliyyəti «Qızıl Araz»ın səhifələrində geniş işıqlandırılan müssisə və təşkilatlardan biri də rayonun kolxoz-sovxoz teatrı idi. Sonralar Qaryagin Dövlət Teatrı kimi fəaliyyət göstərmiş bu işgüzar kollektiv həmin illərdə rayonun kəndlərində və qonşu rayonlarda «Laçın yuvası», «Həyat», «Almaz», «Vətən namusu», «Dağılan tifaq», «Məşədi İbad» və s. pyesləri böyük uğurla tamaşaya qoymuşdur. Teatrın direktoru Savalan Zülfüqarov yazılarının birində qeyd edir ki, «teatrımız yaxın günlərdə S.Rəhmanın «Toy» komediyasını oynayacaqdır». Əsəri qəbul etmək üçün rayonumuza Respublikanın xalq artisti Mirzağa Əliyev gəlmişdir. A.Manaflının «Həyat» haqqında mənim fikrim» məqaləsində isə müəllif, teatrın direktoru S.Zülfüqarovun, bədii hissə müdiri Əsəd Cəfərovun, aktyorlardan Ağababa Abdullayevin, Mürşüd Haşımovun, Cəmil Vəzirovun, Rza Əliyevin, Şölə Yolçuyevanın və başqalarının fəaliyyətindən bəhs edir.

Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev «teatr» adlı sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olmuşdur. O, qeyd edir ki, «mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim». Sənət yollarında ilk axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc müəllim İ.Əfəndiyevin inkişafında istər rayon qəzeti «Qızıl Araz»ın, istərsə də rayon teatrının təsiri şübhəsizdir.


Ünvan: Bakı, AZ 1007
972-ci məhəllə,Mirqasımov küç.28, mən.128,17-ci mərtəbə
Tel.: (+994 12) 437 89 08
Fax: (+994 12) 449 54 41
E-mail: info@ilyasafandiyev.az